SİYASƏT
Deputat: Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edir
Bakı, 4 avqust, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Ordusu tərəfindən məğlubiyyətə uğradılan işğalçı Ermənistan 2020-ci il 10 noyabr tarixli Bəyanatı imzalamağa məcbur oldu. Bu Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycanın Qələbəsini rəsmiləşdirir. Bəyanata əsasən, Ermənistan tərəfi məhv edilmiş işğalçı ordusunun qalıqlarını Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən çıxarmalı idi. Amma üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, Bəyanatın müddəalarını pozmaqda davam edir. Həmin qanunsuz silahlı ünsürlər mütəmadi olaraq təxribat əməlləri törədir, günahsız insanların ölümünə səbəb olurlar. Azərbaycan tərəfi bu barədə Ermənistana dəfələrlə xəbərdarlıq edib. Görünən odur ki, Ermənistan imza atdığı sənədlərə məhəl qoymaq niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
O bildirib ki, avqustun 3-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri növbəti dəfə terror-təxribat əməlinə əl atıblar və nəticədə əsgər Anar Kazımov şəhid olub. Təbii ki, bunun qisası Azərbaycan Ordusu tərəfindən artıqlaması ilə alınıb. Bu, onu göstərir ki, Azərbaycan öz ərazisində hər hansı bir qanunsuz silahlı birləşmənin mövcudluğuna heç vaxt yol verməyəcək. Ermənistan tərəfi də bunu mütləq anlamalı, üzərinə götürdüyü öhdəlikləri tərədüdsüz yerinə yetirməlidir. Anlamalıdır ki, onların qarşısında qüdrətli, regionun lider dövləti Azərbaycan var. Son baş verən hadisələr göz qabağındadır, mütləq nəticə çıxarılmalıdır.
“Münaqişə başa çatandan sonra aparılan bütün danışıqlarda Azərbaycanın səyləri bütövlükdə regionda sülh və təhlükəsizliyə, sabitliyin əldə olunmasına hesablanıb. Dövlətimiz tərəfindən irəli sürülən təkliflər ümumilikdə bölgənin iqtisadi inkişafını əhatə edir. Ermənistan tərəfi isə sülh prosesini ləngitməklə əslində özünü çətin duruma salır, regionun hərtərəfli inkişafına mane olmağa çalışır. Baş verən son hadisələr bir daha təsdiqləyir ki, Ermənistan iki dövlət arasında münasibətlərin normallaşmasını istəmir, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edir”, – S.Möhbalıyev vurğulayıb.