SİYASƏT


Deputat: Ermənistan cəmiyyəti uydurulan və uzun illər onlara təlqin olunan yalançı tarixin ölkəni yeni fəlakətlərə aparacağını anlamalıdır

Bakı, 26 noyabr, AZƏRTAC

Ermənistan parlamentində siyasi partiya rəhbəri olan Zarui Postancanyanın səsləndirdiyi bəyanat bu ölkədə Azərbaycanafobiya və rasizmin nə qədər dərin kök saldığını bir daha nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

O bildirib ki, Ermənistanın siyasi elitasında təmsil olunan siyasətçilərin əksəriyyəti məhz bu faşist düşüncənin daşıyıcılarıdır.

Ramin Məmmədov Zarui Postancanyanın ixtisasca hüquqşünas olduğunu, vaxtilə hüquq müdafiəçisi kimi də fəaliyyət göstərdiyini, hətta Ermənistan parlamentini Avropa Şurası Parlament Assambleyasında təmsil etdiyini də xatırladıb: “Öz ölkəsini AŞPA kimi nüfuzlu bir beynəlxalq təşkilatda təmsil etmiş şəxsin bu qədər rasist düşüncəyə malik olması ümumilikdə Ermənistan cəmiyyətində türklərə, azərbaycanlılara qarşı dözümsüzlüyün təzahürüdür. Şübhəsiz ki, Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin yaratdığı ağır psixoloji durumun mövcudluğunu inkar etmək olmaz. Lakin tarixə nəzər saldıqda, xüsusilə də Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi vəhşiliklər, İkinci Qarabağ müharibəsi zamanı dinc sakinlərə edilən amansız hücumlar yalnız ayrı-ayrı şəxslərin deyil, bütöv bir cəmiyyətin xəstəliyə düçar olduğundan xəbər verir”.

Milli Məclisin deputatı qeyd edib ki, Ermənistan cəmiyyəti uydurulan və uzun illər onlara təlqin olunan yalançı tarixin ölkəni yeni fəlakətlərə aparacağını anlamalıdır. Bir siyasətçinin parlamentin tribunasından başqa xalqları təhqir etməsinin nə özünə, nə ölkəsinə başucalığı gətirmədiyini vurğulayan R.Məmmədov deyib: “İşğaldan azad olunmuş ərazilərdə 30 il ərzində törədilmiş dağıntılara, məscidlərə, dini abidələrə, mədəniyyət obyektlərinə qarşı münasibətin yaratdığı reallıqlara baxanda kimin kim olduğunu anlamaq o qədər də çətin deyil. Üçtərəfli Bəyanatın imzalanmasından sonra rayonların boşaldılması zamanı erməni hərbçilərinin və mülki şəxslərinin etdikləri əməlləri, evlərin yandırılmasını, meşələrin, yaşıllıqların məhv edilməsini xarici kütləvi informasiya vasitələri bütün dünyaya göstərmişdi. Otuz il məhz azərbaycanlıların evlərində qanunsuz məskunlaşmış qonşularımızın bu evləri tərk edərkən özləri ilə hansı əşyaları götürdüklərini bütün dünya gördü”.

Deputat qeyd edib ki, bu gün Ermənistanın monoetnik dövlət olması əslində bu ölkədə ictimai düşüncəni yönləndirən ideologiyanın mahiyyəti barədə çox söz deyir: “1988-ci ildə yüzminlərlə həmvətənimiz Ermənistandan deportasiya olundu. Daha əvvəlki dövrlərdə də belə deportasiyalar olmuşdu. 1992-ci ildə Xocalıda məhz milli mənsubiyyətinə görə körpə uşaqları, qadınları qətlə yetirən bir ölkənin siyasətçisindən başqa bir yanaşma gözləmək olmazdı. Ermənistanda ksenofobiya, rasizm, təcavüzkarlıq, dini, etnik dözümsüzlük siyasətin adi normaları kimi qəbul olunur və təəssüf ki, bu yanaşma cəmiyyətə də sirayət edib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.