CƏMİYYƏT
Deputat: Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olduğunu sübut etdi
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycanlılara qarşı çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidəni, nadir maddi mədəniyyət nümunəsini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə-yeksan ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun haqq savaşında qazandığı möhtəşəm Qələbə həm də Ermənistanın işğalçılıq, vandalizm siyasətini təsdiqlədi, ermənilərin əsl simasını dünyaya nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, 30 ilə yaxın əsarət altında qalan torpaqlarımızda ermənilər dünyada misli görünməmiş vəhşiliklər törədiblər. Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhərlər, kəndlər… Hər addımda Ermənistanın vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş islamofob ölkə olmasının izlərinə rast gəlinir. Otuz ildir beynəlxalq hüquqa məhəl qoymayan bu ölkə donuz tövləsinə çevrilərək təhqir edilən məscidlərin, abidələrin timsalında birmənalı olaraq bütün İslam dininə münasibətini nümayiş etdirib.
Təəssüflər olsun ki, ermənilərin Azərbaycan ərazisində müsəlman məscidlərinə, dini inanc yerlərinə qarşı törətdikləri vandalizm aktlarına, İslam dünyasının müqəddəs ocaqlarının təhqir olunmasına göz yuman, hətta Ermənistanla münasibətlərini davam etdirən, əməkdaşlıq edən müsəlman dövlətləri var. Onlar Azərbaycana, İslam dininə qarşı bütün çirkin oyunlarda ermənilərin yanında dururlar. Buna İslam birliyinə xəyanətdən başqa nə ad vermək olar?
N.Həmzəyev bildirib ki, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq kürsülərdən, beynəlxalq tədbirlərdə məscidlərimizi, İslam dinini təhqir edən işğalçı Ermənistanın müsəlman ölkələri ilə dostluğuna münasibətini bildirib. Məscidləri dağıdan, oraya inək salan Ermənistanın müsəlman ölkələri ilə dost münasibətinin riyakarlıq olduğunu qeyd edib.
“Dövlətimizin başçısı Şuşa şəhərindəki Saatlı məscidini ziyarət edərkən xüsusilə vurğuladı ki, Ermənistan daim müsəlman ölkələri ilə münasibətlər qurmağa, bəzi ölkələrlə münasibətləri inkişaf etdirməyə, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən ölkə kimi qələmə verməyə çalışır. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox”, - deyə deputat vurğulayıb ki, dünya dövlətlərinin və beynəlxalq təsisatların beynəlxalq aləmdə müsbət imici olmayan Ermənistana etibar etmədikləri halda bəzi müsəlman dövlətlərinin işğalçı ölkə ilə əməkdaşlıq əlaqələri qurması gülünc görünür. Həmin ölkələr bilmirlərmi ki, Ermənistan barbar, vandal, islamofob ölkədir və bütün dünya üçün təhlükə saçır?