SİYASƏT


Deputat: Ermənistan xilas olmaq istəyirsə, Azərbaycanın sülh və əməkdaşlığın bərpası ilə bağlı təşəbbüslərinə qoşulmalıdır

Bakı, 28 aprel, Səadət Hakıyeva, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilan və Cəbrayıl rayonlarına səfəri böyük əhəmiyyətə malikdir. Artıq Qarabağda yeni infrastrukturun yaradılması mərhələsi başlayıb və vaxtilə doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız tezliklə əzəli torpaqlarına geri qayıdacaqlar. Prezident İlham Əliyevin Qarabağ bölgəsinə hər səfəri xüsusi mesajlarla yadda qalır və insanlarımıza əlavə stimul, güc verir, gələcəyə inam bəxş edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər görülür, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun, amma tarixilik qorunmaqla həyata keçirilir. Buna misal olaraq Cəbrayıl rayonunun girişində əvvəllər mövcud olan tarixi lövhənin eyni forma və dizaynda bərpa edilib.

Prezident İlham Əliyev səfər zamanı Zəngilan rayonunun Birinci, İkinci, Üçüncü Ağalı kəndlərini əhatə edən ilk “Ağıllı kənd” layihəsinin təməlini qoydu. Ağalı kəndində birinci “ağıllı kənd” pilot layihəsinin icrasına başlanması “Böyük Qayıdış”ın ilk addımı kimi dəyərləndirmək olar. Pilot layihənin icrasına 600-700 nəfər işçi cəlb ediləcək və ilkin mərhələdə 200 fərdi ev tikiləcək. Dövlətimizin başçısı Ağalı kəndinin əhalisi arasında çox səmimi və maraqlı dialoq oldu. Prezident kənd sakinlərini əmin etdi ki, daha böyük inkişaf mərhələsi qarşıdadır və yaxın vaxtlarda məlum layihə doğma Qarabağın digər bölgələrində də həyata keçiriləcək.

Elşən Musayev vurğulayıb ki, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılması Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə sərhədlərinə tam nəzarət etməsinin göstəricisidir. Dövlətimizin başçısı hərbi hissənin açılışında çox önəmli mesajlar verdi və Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq etdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan etibarlı əllərdədir. Prezident İlham Əliyev məhz öz əzmi və cəsarəti ilə bizə bu günləri bəxş edib. Daha dəqiq desək, Azərbaycanın Zəfəri Prezidentimizin yürütdüyü məqsədyönlü, müdrik siyasət nəticəsində mümkün olub. Dövlətimizin başçısı hər zaman deyirdi ki, biz doğma Qarabağa qayıdacağıq. Prezident hər zaman olduğu kimi, bu dəfə də verdiyi sözün üstündə durdu. Müzəffər Ali Baş Komandan bizi Zəngilanlı, Cəbrayıllı, Şuşalı və bütövlükdə Qarabağlı günlərə qaytardı. Ərazi bütövlüyümüzü bərpa etdi və bu gün böyük xilaskarın özü artıq mesajlarını Qarabağdan ünvanlayır, dəyərli fikirlərini əzəli torpaqlarımızda söyləyir, gələcəklə bağlı planlarını, tövsiyələrini doğma Qarabağımızdan elan edir.

Deputat qeyd edib ki, Ermənistan xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpası ilə bağlı təşəbbüslərinə qoşulmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.