CƏMİYYƏT
Deputat: Ermənistanın mina məsələsi ilə bağlı addımları göstərir ki, o, düşmənçilik niyyətindən əl çəkməyib
Bakı, 3 avqust, AZƏRTAC
Üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini verməyib. Həmçinin bu günədək təqdim olunan mina xəritələrinin dəqiqliyi də şübhə doğurur. Buna görə də müharibədən sonra 220-dən çox Azərbaycan vətəndaşı minanın qurbanı olub. Nəticədə 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub, 117 hərbi qulluqçu və 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu cinayət mütləq dayandırılmalı, mina xəritələri tezliklə tam və dəqiq şəkildə Azərbaycana təhvil verilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O qeyd edib ki, bu gün nəinki xəritələr təqdim olunmur, əksinə, hazırda Ermənistan ölkənin sərhədlərində minalama işləri aparır. Bu da onların terrorçu və cinayətkar xislətindən xəbər verir. “Dünyada bununla bağlı konvensiyalar qəbul olunub və müəyyən təşkilatlar yaranıb ki, onlar Ermənistanı bu mövqeyindən çəkindirməlidir. Hazırda Ermənistan regionda təhlükə olaraq qalır. Müharibə bitən gündən biz sülhlə bağlı təşəbbüslə çıxışlar, çağırışlar edirik. Lakin Ermənistan bütün təşəbbüsləri sabotaj edir və təhlükəsizliyi təhdid edən ölkəyə çevrilir. Ermənistanda özünü demokratlar adlandıran qüvvələr hakimiyyətdə olsa da, faktiki olaraq cinayət törətməklə məşğul olan erməni hakimiyyəti insan haqlarını tapdalamaqla məşğuldur”, - deyə deputat əlavə edib.
M.Cəfərov deyib ki, beynəlxalq qurumlar Ermənistanın bu siyasətinə layiqli cavab verməli və onu dayandırmalıdır. Görünən budur ki, düşmən Azərbaycana qarşı gizli müharibəni davam etdirir. Ermənistanın mina məsələsi ilə bağlı addımları onu göstərir ki, düşmənçilik niyyətindən əl çəkməyib, əsas məqsədlərindən biri daha çox mülki şəxsin ölümünə nail olmaq, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına maneə yaratmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Bunun bariz nümunəsi də Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalayıb, təkcə bu fakt özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Lakin Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz ərazilərini minalardan təmizləyir, işğaldan azad edilmiş torpaqları təhlükəsiz, yararlı hala salır və həmin torpaqlara həyat gətirir.