SİYASƏT


Deputat: Fransada müəyyən siyasi dairələr heç bir halda postmüharibə dövrünün reallıqlarını qəbul etmək istəmirlər

Bakı, 22 yanvar, AZƏRTAC

Fransa prezidentliyinə namizəd Valeri Pekresin ötən il dekabrın 22-də Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfəri təxribatçı addımdır və beynəlxalq hüquqa tamamilə ziddir. Bu səfər beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev də bu hadisə ilə bağlı çox prinsipial, qətiyyətli və sərt mövqeyini ifadə edib. Dövlətimizin başçısı qeyd edib ki, Valeri Pekresin bu cəhdi təxribatçı addımdır, qarşıdan gələn prezident seçkilərində erməni seçicilərin səslərini qazanmaq məqsədi güdür, birbaşa Fransa Prezidenti Emmanuel Makrona qarşı yönəlib. Azərbaycan Prezidentinin bu mövqeyi nəticəsində Valeri Pekres növbəti dəfə sayıqlayıb. Bununla da o, əslində, özü-özünü ifşa edib. O bildirib ki, bu səfəri etməkdə məqsədi Şərq ölkələrindəki xristianları qorumaqdır. Onların fəaliyyətinin mərkəzini Şərq dünyasının xristian əhalisini qorumaq təşkil edir. Bu kontekstdə ermənilərə xüsusi münasibət var, açıq-aşkar ermənipərəst siyasət növbəti dəfə ortalığa qoyulur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, bu hadisə Azərbaycanda da ictimaiyyət arasında çox ciddi və sərt reaksiyaya səbəb olub. Yanvar ayının 18-də Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidenti Emmanuel Makrona açıq məktubla müraciət ediblər. Həmin məktubda Valeri Pekresin Xankəndiyə səfəri məsuliyyətsiz addım kimi qiymətləndirilir və bu hərəkət kəskin şəkildə pislənilir. Eyni zamanda, Fransa Prezidentindən belə qeyri-qanuni səfərlərin qarşısının alması üçün ciddi tədbirlər görməsinin vacibliyinə çağırış edilir. Valeri Pekresin bu qeyri-qanuni hərəkəti Fransanın özündə də birmənalı qarşılanmayıb. Belə ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber bununla bağlı bəyanat imzalayıb. Bəyanatda Pekresin Azərbaycanın Qarabağ bölgəsinə səfəri təxribatçı addım kimi qiymətləndirilir. Eyni zamanda vurğulanır ki, Azərbaycanda xristian əhali sülh və əmin-amanlıq şəraitində yaşayır. Roma Papasının Azərbaycana səfərləri də bu həqiqəti bir daha təsdiqləyir. Belə addımlar regionda sülh və əmin-amanlığa xidmət etmir. Əksinə, regionda qarşıdurma mühitinin formalaşmasına gətirib çıxarır.

“Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian yanvarın 18-də ölkənin Milli Assambleyasında məsuliyyətsiz açıqlama verib. Prezident İlham Əliyevin Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı söylədiyi fikirlərə forma və mahiyyət etibari ilə qəbuledilməz fikir kimi qiymət verib. Bu, bir daha onu təsdiqləyir ki, bu gün Fransada müəyyən siyasi dairələr heç bir halda postmüharibə dövrünün reallıqlarını qəbul etmək istəmirlər. Bütün addımlar, ilk növbədə, ona yönəlib ki, qarşıdan gələn prezident seçkilərində erməni seçicilərinin səslərini qazansınlar. Bu səsləri qazanmaq naminə hətta Azərbaycanla Fransa arasında münasibətlərin gərginləşməsinə qədər istənilən addımı atmağa hazırdırlar. Prezidentliyə namizəd Valeri Pekresin qeyri-qanuni səfəri və səsləndirdiyi cəfəng fikirlər, eyni zamanda, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drianın absurd yanaşmaları, əslində, dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşün ümumi ruhuna ziddiyyət təşkil edir. Həmçinin Fransanın postmüharibə dövrünün reallıqları fonunda davranışıma ziddir, regionda sülhə təhdid kimi qiymətləndirilə bilər”, - deyə Milli Məclisin deputatı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.