SİYASƏT


Deputat: Görünür, Soros həlqəsinin Qafqazda daralması, məhv olması Qələbəmizi həzm edə bilməyən bəzilərini isterikaya salıb

Bakı, 12 noyabr, AZƏRTAC

Biz 25 il əvvəl referendumla Konstitusiyamızı qəbul edərkən qarşımıza çox ülvi və ali məqsədlər qoymuşuq. Bu illər ərzində dövlət xalqımız üçün şərait və imkanları nəzərə alaraq edə biləcəyinin ən yaxşısını edib, lakin həmişə bir tərəfimiz yarım qalıb, ərazi bütövlüyümüz, sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətimizə mənfur düşmənlərimiz sədd olub. Biz illərdir ki, bu əziz, bu vacib günü yaralı şəkildə, həsrət və nisgil dolu hisslərlə qeyd etmişik, ta ki, müzəffər Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı qələbəsinə qədər.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Azərbaycan hərbi yolla işğala son qoyub düşməni sülhə məcbur etməklə, həm də Konstitusiyamızın ali qüvvəsini işğaldan azad edilmiş bölgələrimizdə də faktiki olaraq təmin etmiş oldu. Lakin təəssüf ki, bu gün Azərbaycanda Qələbəmizə kölgə salmaq niyyətləri görünür. Nəyin naminə? Bu qədərmi çətindir Prezident İlham Əliyevin Qələbəsini həzm etmək? Bu qədərmi düşmən kəsilmisiniz dövlətə və dövlətçiliyə?

İbtidai sinif səviyyəsində tarix bilgisi olan hər kəsə aydındır ki, rəşadətli Azərbaycan Ordusu yaxın 200 illik tariximizdə ən böyük qələbəsini qazanıb. On illərdir soyqırımı, təcavüz, etnik təmizləmə və terrora məruz qalan xalq olaraq cəmi 44 gün ərzində qisasımızı döyüş meydanında misli ilə almışıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qələbəsi sayəsində düşmənin yalnız müqavimətini deyil, Müzəffər Ali Baş Komandanın öz təbiri ilə desək “belini qırmışıq”, erməninin mifləşmiş döyüş qürurunu, inancını, işğalçı, təcavüzçü xislətini ayaqlar altına atıb, düşmən liderini qarşımızda diz çökməyə məcbur etmişik. İllərdir dünyaya, beynəlxalq hüquqa meydan oxuyan Ermənistan kapitulyasiyaya məcbur olub, işğal altındakı Kəlbəcər, Laçın, Ağdam və digər rayonların bir qətrə qan tökülmədən birtərəfli qaydada boşaldılmasına yalvararaq razılıq verib, bundan daha böyük qələbə nəyə deyirsiniz?

Əlbəttə, istənilən cəmiyyətdə fikir və söz azadlığı demokratik quruluşun təminatıdır. Biz də fikir müxtəlifliyinin demokratik inkişafa və vətəndaş cəmiyyətinin bərqərar olması yolunda konstitusion məqsədlərimizə xidmət etməsini arzu edirik. Lakin bu gün sizin mövqeyiniz fikir müxtəlifliyi, söz azadlığıdırmı? Hətta düşmən belə qarşımızda diz çöküb aman diləyərkən, düşmənə dəstək verən xarici güclər öz qərəzli bəyanatlarında qələbəmizi etiraf edərkən, qələbəmizə kölgə salmaq cəhdlərində bulanmaqda sizin niyyətiniz nədir?

Biz 27 ildir nəyin haqq davasını edirik? - İşğal altındakı torpağımızın, pozulmuş hüquqlarımızın, tökülən qanlarımızın, deyilmi? Torpaq artıq bizdədir, ədaləti döyüş meydanında artıqlaması ilə bərpa etmişik, haqlarımızı da hüquq müstəvisində də uğurla bərpa etməkdəyik, daha nədir dərdiniz? Rusiya sülhməramlılarımı? Rusiya sülhməramlı missiyasını “Rusiyanın Azərbaycanda hərbi baza yaratması” kimi təqdim edib çaşqınlıq, nifrət dolu saxta patriotizminizlə cəmiyyətə nəyi aşılamaq istəyirsiniz? Axı qardaş dövlətimiz Türkiyə də eyni statusla bölgədədir! Siz bölgənin simasını dəyişəcək və artıq dəyişməkdə olan üçtərəfli razılaşmanın ölkə üçün təhlükə olduğunu nə əsasla iddia edə bilirsiz? Anlamaq bu qədər çətindirmi ki, sülhməramlısız bölgədə süni humanitar fəlakət effekti yaradıb Azərbaycanı hədəfə çevirmək istəyən qüvvələr fürsət gözləyir? Budurmu istəyiniz? Haqlı durumdan haqsız durumamı düşək deyirsiniz? Qalib ikən təcavüzkarmı adlanaq? Hakimiyyət hərisliyi bu qədərmi gözünüzü tutub? Axı, bu dövlətin yükünü çiyinlərinizdə daşıdığınız dövrü çox yaxşı xatirimizdədir. İqtidarınız dövründə deyil düşmənə müqavimət göstərmək, heç daxildə minimum sabitliyə nail ola bilmədiyiniz halda, bu gün ərazi bütövlüyümüz, suverenlik və müstəqilliyimizin təhlükəsizliyi naminə məsləhət verə biləcək doğru qüvvə olduğunuza əminsinizmi? Yaxın tarixdə - müstəqilliyin ilk illərində baş verənləri hələ unutmamışıq, ona görə də bir zəhmət, imkan və iddialarınız arasında fərqə baxın cənablar! Çox qəribədir, axı, Paşinyanın iflası sizi niyə incidir? Bəlkə “doğma” Soros həlqəsinin Qafqazda daralması, məhv olması sizi isterikaya salır? Yüzlərlə şəhidin qanı, yüzlərlə qazinin can sağlamlığı hesabına qazandığımız Qələbəmiz sizin üçün təhdiddirmi?

Bəli, görünən odur ki, təhdiddir, çünki bu zəfər bu günə qədər “Qarabağ münaqişəsinin həll edilməyəcəyi” inamı ilə yenidən hakimiyyətə qaytarmaq üçün öz aləminizdə közərən ümidinizi puç etdi...

Yetər vətəndaşlar, yetər!

Xalqın qələbəsinə kölgə salmaq siyasi mübarizə üsulu olmamalıdır. Çəkin Soros ştamplı lövbərinizi şəhid qanıyla boyanan sularımızdan!

Buraxın xalq əsrlərdir həsrət qaldığı qələbəsinin dadını çıxarsın!

Buraxın xalq öz qəhrəmanlarını tanısın, imkan verin xalq xilaskarını salamlasın!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.