İQTİSADİYYAT
Deputat: Hacıqabulda sənaye məhəlləsinin yaradılması sənayeləşməyə dövlət dəstəyinin təzahürü kimi xarakterizə olunmalıdır
Bakı, 21 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün yeni imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, son günlər dövlətimizin başçısının iştirakı ilə xüsusən də qeyri-neft sektoru üçün vacib olan müəssisələrin açılışı həyata keçirilir. Hacıqabulda sənaye məhəlləsinin yaradılması Azərbaycanda sənayeləşməyə dövlət dəstəyinin təzahürü kimi xarakterizə olunmalıdır. Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar genişmiqyaslı yeni güzəştlərdən istifadə etmək imkanına malikdirlər. Bu, bir tərəfdən həmin məhəllələrə yerli investisiyanın cəlb edilməsinə imkan verir, digər tərəfdən sahibkarlara dövlət dəstəyindən daha geniş faydalana bilmələrinə şərait yaradır. Bu, həm də regionların inkişafı baxımından vacibdir. Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar dövlət dəstəyi ilə yeni iş yerlərinin yaradılmasını həyata keçirirlər. Bu, yerli istehsalın və ixrac imkanlarının genişləndirilməsinə xidmət edir. O baxımdan həyata keçirilən siyasət həm məşğulluğun təmin olunmasına, digər tərəfdən Azərbaycanın istehsal və ixrac imkanlarının artırılmasına gətirib çıxarır. Yeni müəssisələr sənayedə və bütövlükdə real sektorda kifayət qədər prioritet istiqamətlər üzrə yaradılıb. Elektrik enerjisi istehsalı sahəsində yeni yarımstansiyaların istifadəyə verilməsi, Azərbaycanın elektrik enerjisi istehsalı və ixrac imkanlarının artırılması ondan xəbər verir ki, ölkəmiz artıq sənayedə yeni və rəqabətli məhsulların da ixracını həyata keçirir.