SİYASƏT


Deputat: Heydər Əliyev mükəmməl dövlət quruculuğu konsepsiyasını reallaşdıran nadir şəxsiyyətdir

Bakı, 9 may, AZƏRTAC

Dünya tarixi sübut edir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyətdir. Dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputatın sözlərinə görə, inkaredilməz reallıqdır ki, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq: "Bizdən sonra gələnlər də bilməlidirlər ki, Azərbaycanın dünyanın hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil, demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Məhz bu səbəbdən Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir dövr daxil oldu. Bu dövr 1969-2003-cü illəri əhatə edir. Həmin illər ölməz bir insanın Vətəninə, xalqına xidmət göstərdiyi illərdir. O illərdə tarixə yazılan hər səhifə xalqımızın həyatında yeni bir eraya çevrildi".

Anar Məmmədov qeyd edib ki, 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başladı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırdı, hər bir kəsdə milli heysiyyəti gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə bir sıra tədbirlər reallaşdırdı. Bütövlükdə, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə xalqımıza misilsiz xidmətlər göstərdi. Bu, təkcə sosial-iqtisadi inkişafla bağlı deyildi, eləcə də milli şüurun oyanmasında özünü göstərirdi. O, elm və təhsilin inkişafına xüsusi diqqət yetirirdi, kadr potensialının gücləndirilməsi üçün gənclərimizi keçmiş ittifaqın nüfuzlu ali təhsil müəssisələrinə oxumağa göndərirdi. Hər il həmin gənclərlə də görüşürdü. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın uğurlu gələcəyi üçün atdıqları addım idi.

1990-cı illərin əvvəlində isə - olduqca mürəkkəb bir mərhələdə, Azərbaycanın müstəqilliyini itirmə astanasında, torpaqlarımızın xarici və daxili separatçıların fəaliyyəti nəticəsində bölünməsi təhlükəsi yarananda Heydər Əliyev Azərbaycanın suverenliyinin qarantına çevrildi, dövlətimizi qorudu və parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu çətin prosesin bütün ağırlığı, məsuliyyəti bir lider kimi Heydər Əliyevin, bəhrəsi isə bütün Azərbaycan xalqının payına düşdü. Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizi vahid ideologiya - azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi bacaran bu böyük şəxsiyyətin rəhbərliyi ilə vahid, bölünməz və qüdrətli Azərbaycan dövlətinin əsası qoyuldu: "Milli kimliyimizin əldə olunması, tariximizin özümüzə qaytarılması istiqamətində mühüm addımlar atıldı, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu, Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. Bütün bunlar Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində mümkün oldu".

Deputatın sözlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevin siyasəti onun layiqli davamçısı, siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən zaman birmənalı şəkildə göstərdi ki, Ümummilli Liderin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək lider məhz Prezident İlham Əliyevdir. Əldə edilən çoxsaylı nailiyyətlər və ən əsası 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə sübut etdi ki, Ulu Öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Prezident İlham Əliyev ata vəsiyyətini də layiqincə yerinə yetirdi. Artıq Ulu Öndərin ruhu şaddır ki, torpaqlarımız erməni işğalından azad olunub. “Biz inanırıq ki, hörmətli Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarımız qısa zamanda bərpa olunacaq və soydaşlarımız doğma yurdlarına qayıdacaq, Azərbaycan dövləti daim regionun aparıcı dövləti olaraq qalacaq, xalqımız Heydər Əliyev ideyalarından, Heydər Əliyev dühasından əbədi bəhrələnəcək”, - deyə Anar Məmmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.