SİYASƏT
Deputat: İƏT sessiyasında Azərbaycanla bağlı dörd qətnamənin qəbul edilməsi ölkəmizə olan böyük hörmət və etibardan irəli gəlir

Bakı, 27 mart, AZƏRTAC
Azərbaycanın ədalətli mövqeyi və ölkəmizin ərazi bütövlüyü beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Torpaqlarımızın işğal altında olduğu 30 ildə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Avropa Şurası Parlament Assambleyası (AŞPA), Türk Dövlətləri Təşkilatı (TDT) və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Eyni zamanda, Ermənistana işğala son qoyulması ilə bağlı çağırışlar edib, qətnamələr qəbul ediblər. Amma Ermənistan heç bir beynəlxalq hüquqa və çağırışlara məhəl qoymayaraq, işğalçılıq siyasətini davam etdirib. Hətta yeni ərazilər uğrunda yeni müharibə ritorikası sərgiləyib. Münaqişə uzun illər ərzində beynəlxalq hüquq müstəvisində həll olunmadığından Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad etməklə pozulmuş beynəlxalq hüququ bərpa etməli oldu. Belə ki, ölkəmiz BMT-nin icra edə bilmədiyi bir missiyanı 44 günə yerinə yetirdi. Dövlətimizin apardığı əks-hücum əməliyyatları beynəlxalq hüququ və normaları pozmadığından, bütün dünya onun nəticələrini tanıdı. Yəni, biz müharibəni məntiqi sonluğuna çatdırmaqla regionda yeni reallıq yaratmışıq. Belə ki, yaranan reallıq yeni dönəmə qədəm qoymağımızı şərtləndirir. Bu da regionda uzunmüddətli sülhün və əməkdaşlığın yaranmasına xidmət edəcək növbəti addımların atılmasından ibarətdir. Yeni addımların atılması ölkələrimiz arasında imzalanmış üçtərəfli bəyanatlarda öz əkini tapıb. Amma çox təəssüf ki, Ermənistan imzalanmış bəyanatların icrasını yubatmaqla yenə də düşmənçilik ideyalarından əl çəkmədiyini bir daha nümayiş etdirir. Regionda sülhün və əməkdaşlığın yaranmasına mane olan Ermənistanın bu mövqeyi beynəlxalq təşkilatlar tərəfindən də qınanılır və bununla bağlı yeni qətnamələr qəbul edilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasının Yekun Bəyannaməsindən əlavə, sırf Azərbaycanla bağlı dörd qətnamənin də qəbul edilməsi ölkəmizin ədalətli mövqeyindən, ona olan böyük hörmət və etibardan irəli gəlir. Qətnamələrdə Ermənistana düşmənçilik mövqeyindən əl çəkməsinə çağırışlar edilib. Həmçinin İƏT-ə üzv dövlətlər müharibənin nəticələrinin tanınması və regionda sülhün yaranması baxımından Azərbaycanı dəstəklədiklərini nümayiş etdiriblər.
“Ermənistan İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrlə ikitərəfli münasibətlərin yaradılmasına çalışır. Lakin 57 ölkənin adından belə qətnamələrin qəbul olunmasını Ermənistanın İslam ölkələri ilə əməkdaşlıq arzularının boşa çıxması kimi dəyərləndirmək olar. Çünki İƏT-ə üzv dövlətlərin Azərbaycanla bağlı qəbul etdikləri qətnamələrdə ölkəmizin Ermənistana təqdim etdiyi dövlətlərarası münasibətlərin, bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında qurulmasına dair beş əsas prinsipin tələb və məzmunu əks olunub. Azərbaycanın yeni reallıqda məqsədi və məramı məlumdur. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsindən, sərhədlərinin delimitasiya və demarkasiyasından, ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, əməkdaşlıq mühitinin və qonşuluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir”, - deyə Azər Badamov vurğulayıb.
Deputat əlavə edib ki, Azərbaycanın tələb və təklifləri regiona uzunmüddətli sülh və əməkdaşlıq gətirəcək. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ildə bu ərazilərdə İslam dininə məxsus bütün dini ibadət yerləri və tarixi abidələri dağıdıb, yaxud təhqir edib. Bu, bütün İslam dünyasının təhqir olunması deməkdir. İndi artıq postmüharibə dövrünə qədəm qoyulub. İşğaldan azad edilən ərazilərdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir. Təbii ki, bu işlər böyük maliyyə vəsaiti tələb edir. İƏT Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycan tərəfindən yenidənqurma işlərinin aparılmasına maliyyə yardımının da göstərilməsinə çağırış edilir. Azərbaycan İslam dünyasında aparıcı rola malik nüfuzlu ölkədir. Ölkəmiz bu etibarı və nüfuzu məhz ədalətli mövqeyi ilə qazanıb.