SİYASƏT


Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması hər iki ölkə üçün mühüm tarixi hadisədir. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı” bu yatağın dünən imzalanmış Anlaşma Memorandumu ilə “Dostluq” adlandırılması dərin rəmzi məna daşıyır. Bu mənada Xəzər dənizinin “Dostluq” neft yatağı eyni soykökə malik bu ölkələr arasında formalaşmış dostluğun, qardaşlığın, birgə əməkdaşlığın və dialoqun simvoludur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, “Dostluq” neft yatağı 1989-cu ildə Azərbaycanın neftçiləri tərəfindən 4 kilometr dərinlikdəki layda kəşf olunub. Zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Bu baxımdan, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması özlüyündə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, tranzit kommunikasiyalarının inkişafı üçün yeni imkanların yaradılmasına yönəlib.

T.Cəfərova Azərbaycanın Xəzər dənizində hər zaman əməkdaşlıq, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin formalaşmasına çalışdığını xüsusilə qeyd edib. Onun sözlərinə görə, ölkəmizin bu istiqamətdə səyləri müxtəlif vaxtlarda Azərbaycanla Qazaxıstan və Rusiya arasında sazişlərin imzalanması, eləcə də beştərəfli formatda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə aparılan proseslərə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi ilə bağlı sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu təsdiqləyib.

Deputat vurğulayıb ki, “Dostluq” yatağı Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənilməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. O deyib: “Anlaşma Memorandumu Xəzər dənizinin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihələr iki ölkənin, habelə qonşu ölkələrin enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə, eyni zamanda, ixrac üçün böyük imkanlar açır, ona görə də hər iki ölkənin xalqlarının rifahının yüksəlməsinə şərait yaradacaq. Həmçinin onu da qeyd etmək lazımdır ki, 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə toplantısı ərəfəsində bu memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq.

Eyni zamanda, T.Cəfərova diqqətə çatdırıb ki, dünyanın bir çox ölkələri enerji mənbələrinin varlığını hökumət üçün siyasi vasitəyə çevirirlər. Bu gün dünyanın mövcud mənzərəsi və aparılan geniş təhlillər onu deməyə əsas verir ki, “enerji mənbələri siyasi bir vasitədir” fərziyyəsi artıq tarixdə qalır və “enerji resurslarının rasional idarə edilməsi siyasi bir vasitədir” ifadəsi daha düzgündür. “Azərbaycan da klassik yox, müasir dövrün tələblərinə uyğun olaraq ikinci yanaşmanı əsas tutur. Bu baxımdan, əminliklə deyə bilərik ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası uzaqgörənlik, rasionallıq, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”, - deyə deputat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.