SİYASƏT
Deputat: İndi Ermənistan Zəngəzur dəhlizi barədə daha dərindən düşünməlidir

Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında imzalanan Anlaşma Memorandumu çox böyük əhəmiyyətə malik tarixi sənəddir. Ermənistanın postmüharibə dövründə bütün hərəkətləri sübut edir ki, ondan hər hansı konstruktiv hərəkət gözləməyin heç bir mənası yoxdur. Ermənistanın siyasi rəhbərliyi 44 günlük Vətən müharibəsindən heç bir nəticə çıxarmayıb. Azərbaycanın sonuncu sülh təklifinə cavabında Ermənistanın yenidən ATƏT-i siyasi dövriyyəyə daxil etmək cəhdi bunu bir daha sübut edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
Deputat deyib ki, Azərbaycan rəhbərliyi çevik siyasi gediş edərək İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək kommunikasiya xətlərinin çəkilməsi barədə Anlaşma Memorandumu imzalaması dövlətimizin çox böyük diplomatik uğurdur.
O qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamaqla regionla bağlı bütün layihələrdən kənarda qalan Ermənistan Zəngəzur dəhlizi vasitəsilə ona verilmiş bu son şansı da əldən verməkdədir. Azərbaycan Zəngəzur dəhlizinin alternativini ortaya qoydu və Ermənistana, onun havadarlarına çox böyük bir dərs verdi. İndi Ermənistan Zəngəzur dəhlizi barədə daha dərindən düşünməlidir. Çünki bu, artıq onun özü üçün həyati əhəmiyyət daşıyır. Həmin Memorandumla Azərbaycan İranla dostluq münasibətlərinin də yeni fazasına daxil oldu. Artıq bu yeni layihə ilə Ermənistan Şərq-Qərb, Şimal-Cənub dəhlizlərindən məhrum olursa, İran dünya ölkələrinə yeni çıxış əldə edir və bununla da Azərbaycan, Türkiyə və İran birliyi regionda yeni güc mərkəzi kimi ortaya çıxmaq imkanı qazanır. Bu, Azərbaycan və Türkiyə ilə tarixi köklərə malik olan İranın sürətli inkişafı üçün də möhkəm zəmin yaradacaq.
“Artıq Ermənistan regionda heç kəsə lazım olmayan dalan ölkəyə çevrilməkdədir. Bütün çıxışları qapanmış bir ərazi olaraq artıq heç kəs bu ölkəyə kapital qoyuluşunda maraqlı olmayacaq. Ermənistan faşist xisləti ilə öz sonunu sürətlə yaxınlaşdırır”, - deyə deputat bildirib.