SİYASƏT


Deputat: İşğal dövründə dağıdılan yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir

Bakı, 21 oktyabr, AZƏRTAC

İkinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi şanlı ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Ötən ilin oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlandı. Beləliklə, Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi. 44 günlük müharibənin nəticələrindən biri də işğal altında qalmış İranla Azərbaycan arasında 132 kilometrlik sərhədin bərpa edilməsidir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlanmışdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, müharibədən sonra 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna səfər edən Müzəffər Ali Baş Komandan aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan bütün layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Ölkə başçısının səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub.

İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpasının sürətlə davam etdiyini söyləyən M.Cəfərov deyib: “Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikilməsi nəzərdə tutulur. Zəngilanda müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq, elektron idarəetmə olacaq. Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edəcək. Texnologiyalar sahəsində dünyanın ən inkişaf etmiş kompaniyalarından olan “Huawei-Azərbaycan” şirkəti Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də qurulacaq”.

Deputat qeyd edib ki, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.