SİYASƏT


Deputat: İşğalçı Ermənistan bu təxribatla əldə etmək istədiyi hədəflərin heç birinə çata bilmədi

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatına tutarlı cavab verməklə bir daha sübut etdi ki, istənilən ekstremal vəziyyətdə və mürəkkəb şəraitdə çevik əməliyyat qərarları qəbul edə bilir və onu mükəmməl yerinə yetirir. Başqa sözlə, Azərbaycandakı xalq-iqtidar birliyi, əslində, milli gücümüzün əsasını təşkil etməklə düşmənə qarşı mübarizədə də xalqımızı səfərbər edir. Təxribatın niyə məhz indi və təmas xəttində deyil, sərhəd zonasında törədilməsinə gəldikdə isə bunun bir neçə strateji və taktiki aspektləri var. Bu səbəblərə keçməzdən öncə deyim ki, işğalçı Ermənistan bu təxribatla əldə etmək istədiyi hədəflərin heç birinə çata bilmədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, strateji və taktiki hədəflər sadəcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə məhdudlaşmadığı üçün bu məsələnin üstündə bir qədər ətraflı dayanmaq lazımdır. Hadisəni, ilk növbədə, dünyada yaranan yeni hərbi-siyasi nizam kontekstində qiymətləndirsək, reallıq ondan ibarətdir ki, Azərbaycan yeni dünya nizamında güclü milli aktor olmaq üçün özünə xeyli məqbul şərtlər təmin edə bilib. Bu, ölkəmizi cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli məsələsində də növbəti mərhələni əvvəlkindən daha perspektivli edir.

“Şübhəsiz ki, bu nailiyyətlər, hər şeydən öncə, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi strateji diplomatiya və həyata keçirməyə nail olduğu qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri ilə şərtlənir. Hazırkı mərhələdə isə geniş mənada regionumuz hesab edə biləcəyimiz Yaxın Şərq, Şimali Afrika və Qafqaz regionunda yeni geostrateji balans formalaşmaqdadır və bu tarazılıqda Azərbaycan özünə xeyli dərəcədə əhəmiyyətli mövqe təmin edə bilib. Nəzərə alsaq ki, Şimali Afrika və Yaxın Şərqin dominant aktorlarından ikisi həm də bizim regionumuzun strateji aktorlarıdır, o zaman nədən söhbət getdiyini daha yaxşı anlaya bilərik. Məsələ ondadır ki, bütün bunlar Ermənistan baş nazirinin başı total diktatura rejimi qurmağa və ölkəsində faşizmi təbliğ etməyə qarışanda olub. Yəni son 3 ildə regionumuzda yeni strateji balans formalaşmaqdadır və bu prosesdə Azərbaycan bütün mövqelər üzrə ciddi uğurlar əldə etməkdədir. Hətta siyasi tariximizdə ilk dəfədir ki, Azərbaycan, eyni zamanda, iki beynəlxalq təşkilata rəhbərlik edir, dünyanın siyasi gündəmini müəyyənləşdirən təşəbbüslərlə çıxış edir, dəstək qazanır. Ermənistan isə birdən dərk etməyə başladı ki, belə mühüm tarixi mərhələdə nəinki özünə mövqe qazana bilib, əksinə, ənənəvi tarixi müttəfiqlərinin də dəstəyini ya itirib, ya da itirməkdədir. Ona görə də, bir növ, geostrateji hadisələrin arxasınca qaçmağa başlayıb. Elə iyulun 12-də əvvəlcədən planlaşdıraraq törətdiyi təxribat da, heç olmasa, öz ənənəvi müttəfiqlərinin gözündə özünü strateji ortaq kimi yenidən təsdiq etməyə yönəlib. Ancaq bu prosesdə həm də Qərbdən almağa ümid etdiyi dəstəyi itirib. Ona görə də hərbi təxribatdan dərhal sonra siyasi- diplomatik təxribata əl atdı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istədi” , - deyə H. Babaoğlu diqqətə çatdırıb.

Milli Məclisin deputatı əlavə edib ki, ikinci məsələ işğalçı ölkədə həddindən artıq sosial və iqtisadi problemlərin olması və üstəlik, COVID-19 pandemiyasına qarşı mübarizədə acizliyidir. Buna görə də Paşinyan rejiminə qarşı öz ölkəsində kütləvi ictimai nifrət var və o hesab etdi ki, bu nifrəti Azərbaycana qarşı yönəltmətməklə diktaturasının ömrünü uzada bilər. Ancaq Azərbaycan Ordusu və diplomatiyası hər iki seqment üzrə onun siyasətini iflasa uğratdı. Paşinyan nə çox arzu etdiyi KTMT-nin dəstəyini əldə edib onu münaqişəyə cəlb edə bildi, nə də sərhədimizdə törətdiyi hərbi təxribatı daxili siyasətdə uğur kimi təqdim edə biləcəyi bir nəticəyə nail ola bildi. Nəticədə daxili siyasi dayaqlarını və xarici dəstəyi bir daha itirmiş oldu. Bu isə ondan xəbər verir ki, Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmayana qədər heç bir sosial, ya da iqtisadi uğur əldə edə bilməyəcək. Çünki regionda bütün iqtisadi, enerji və nəqliyyat kommunikasiyaları Azərbaycanın nəzarəti altındadır və bu mövqe beynəlxalq dəstəklə getdikcə daha da güclənir.

Deputat ötən axşam keçirilən mitinqə münasibət bildirərək vurğulayıb ki, bu möhtəşəm aksiya Azərbaycan xalqının öz Prezidentinə, Ali Baş Komandanına, öz Milli Ordusuna dəstək idi, milli və ictimai-siyasi həmrəyliyimizin nümayiş olunması baxımdan olduqca əhəmiyyətli idi. Bu, eyni zamanda, Azərbaycan xalqının öz dövləti, siyasi hakimiyyəti və ordusu ilə birlikdə işğalçı Ermənistana cavab mitinqi idi. Ancaq biz bu mitinqi daxili sosial-siyasi struktural keyfiyyət baxımından qiymətləndirən zaman, ən azı, zahiri həmrəylik qədər daxili komponentlər baxımından da nə dərəcədə mühüm olduğunu görə bilərik. Bu mitinqlə bağlı bəzən deyirlər ki, “lider yox idi”, yaxud “təşkilatçı yox idi”. Bu, tamamilə yanlışdır. Bu mitinqin təşkilatçısı Azərbaycan xalqı, lideri isə Ali Baş Komandanımız idi. Çünki xalq Ali Baş Komandan, Prezident İlham Əliyevi dəstəkləmək məqsədilə meydanlara çıxmışdı.

H.Babaoğlunun sözlərinə görə, sırf daxili sosial-struktural kontekstdə ikinci mühüm keyfiyyət dəyişikliyi isə o idi ki, bu vaxta qədər radikal müxalifət kimi təsnifatlandırdığımz müxaliflər bu siyasi prosesdən yararlanmaq niyyətinə düşmədilər və bunu etmədilər. “Bu da özlüyündə yaxşı hal idi və düşünürəm ki, ölkəmizdə həyata keçirilən islahatların gətirdiyi konstruktiv siyasi dialoq əhval-ruhiyyəsi ilə bağlıdır. Bu mitinq həm də ermənilərin ideoloqlarına və onların işğalçılıq siyasətini dəstəkləyən hegemon güclərə, islamofob mərkəzlərə xalqımızın layiqli cavabı idi. Sonuncu mənəvi-siyasi komponentə gəlincə, işğalçı Ermənistan və onu dəstəkləyənlər hesab edirdilər ki, müəyyən müddət keçdikdən sonra Azərbaycan xalqının milli, vətənpərvərlik hissləri getdikcə korşalacaq və bundan əvvəlki tarixi hadisələrdə olduğu kimi, yalançı xalq diplomatiyası və qarşılıqlı “etimad mühiti” yaratmaqla status kvonu legitimləşdirəcəklər. Azərbaycan xalqı dünənki mitinqlə düşmənin bu ümidlərini puça çıxardı və bir daha sübut etdi ki, öz Prezidentinin qətiyyətini necə dəstəkləyir və xalq-iqtidar birliyi, nəticə etibarilə, torpaqlarımızın azad edilməsinə gətirib çıxaracaq” , - deyə deputat vurğulayıb.

Hikmət Babaoğlu bildirib ki, aksiyanın sonunda baş verən təxribat xarakterli hərəkətlər xalqımızın nümayiş etdirdiyi yüksək vətənpərvərlik, ümummilli həmrəylik fonunda olduqca sönük göründü. Eyni zamanda, mitinq ötən əsrin 90-cı illərindən bəri müsbət mənada qət etdiyimiz məsafənin, milli yetkinliyin fərqini ortaya qoydu ki, bu da mühüm hadisədir. Artıq xalqımız yaxşı bilir ki, müxtəlif xarici qüvvələrin görünən və görünməyən təhriki ilə milli maraqlarımıza zidd hərəkətlərə ümumi mənafelərimizə sarsıdıcı zərbə vura bilir. Dünənki hadisə zamanı qanun pozuntusuna yol verənlərin çox kiçik bir qismi bunu nə məqsədlə etdiyini bilirdi. Qalanı isə ümumi axında onlara sadəcə qoşulanlar idi. Ona görə də təxribatın miqyası da kiçik oldu. Bu, ictimai-siyasi savadlılığımızın daha bir göstəricisidir. Ancaq nə olursa-olsun, hüquq-mühafizə orqanlarımız anarxist hərəkət edərək ümummilli həmrəyliyimizi nümayiş etdirən, şəhidlərimizin ruhuna hörməti ifadə edən mitinqə kölgə salan şəxsləri layiqincə cəzalandırmalı, ictimaiyyətimiz isə onların bu hərəkətini qətiyyətlə qınamalıdır.

“Bir məsələni də unutmaq olmaz ki, hazırda biz həm də koronavirus pandemiyası ilə müharibə vəziyyətindəyik. Bu müharibədə də vətəndaşlarımız öz həyatlarını itirir. Belə olduğu təqdirdə, biz sağlam olmalı, sağlam nəsil yetişdirməliyik ki, erməni işğalçılarına qarşı mübarizə apara bilək. Ona görə də indiki vəziyyətdə heç bir halda yenidən kütləvi mitinqlərin təkrarlanmasına yol vermək olmaz və bunun üçün müvafiq qurumlarımız mütləq önləyici tədbirlər görməlidirlər. Yekun olaraq qeyd etmək istəyirəm ki, 12 iyulda baş verən erməni təxribatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin ətrafında yeni situasiya yaratdı və yeni vəziyyət bizim lehimizə olmaqla problemin tezliklə həllini aktuallaşdırır. Elə daxili ictimai-siyasi münasibətlər baxımından da bu təxribat Ermənistanda dağıdıcı, Azərbaycanda isə birləşdirici faktora çevrildi” , - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.