SİYASƏT


Deputat: İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri Zəfərimizin davamıdır

Bakı, 5 iyul, AZƏRTAC

Bu il müstəqil Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünə qəbul edilməsinin 30 ili tamam olur. Bu məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirildi. Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək idi. Dünyanın əsas problemlərindən biri olan dayanıqlı inkişaf məsələsinin işğaldan azad edilmiş şəhərimizdə müzakirə olunması Azərbaycana olan böyük etimaddır.

Vaxtilə humanitar yardım alan bir ölkə olan bugünkü Azərbaycan beynəlxalq ictimaiyyətin və BMT ailəsinin tamhüquqlu üzvüdür.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Bu il iyunun 27-də Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasından danışan deputat bildirib ki, Azərbaycan Prezidentinin tədbirdəki çıxışı mühüm məqamlarla yadda qaldı. “Tədbir strateji planlama və səmərəli əməkdaşlıq dövlətləri ümumi problemlərin həlli istiqamətində də həmrəy edir və bu həmrəylik də qurtuluş amilllərindən biridir. Fəaliyyət 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyini, yeni Şəhər Gündəliyini, dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərin mahiyyətini istiqamətləndirir.

Şəhərlərin tarixi dövlətlərin, dövlətlərin tarixi isə xalqın tarixidir. Bu baxımdan Bakının tarixinə olduqca həssas yanaşılmalıdır. Şəhərin tarixi görkəmi, tarixi siması yeniləşdirilir, ancaq tarixilik saxlanılmaqla yeniləşdirilir.

Dövlətimizin başçısı çıxışında bildirdi ki, paytaxt Bakının tarixi simasını qorunmaqla, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

“Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir”, - deyən Azərbaycan Prezidenti toplantı iştirakçılarının diqqətinə çatdırdı ki, Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”, - deyə S.Xasayeva diqqətə çatdırıb.

Vətən müharibəsi başa çatdı, işğala son qoyuldu və Ermənistan məğlub oldu. Azərbaycan Respublikasının Prezidenti vurğuladı ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib”. Dünya ictimaiyyəti bu faktları beynəlxalq siyasətin sabahları üçün istinad ediləcək tezis kimi qəbul edir, yəni məğlub dövlətin xarici siyasətinin qəbul etdiyi şərtlərə uyğunluğunu nəzarətdə saxlayır. Bu nəzarət dövlətlərarası etimadda istinad kimi qəbul edilməlidir.

Deputat qeyd edib ki, Vətən müharibəsində Zəfərindən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri aparır. Quruculuq işləri Zəfərin davamıdır. Prezident İlham Əliyevin dediyi kimi, yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə beynəlxalq hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Bu, xalqın inamıdır. Vətən müharibəsində döyüşün ruh əsgəri olan xalq indi bu inamın əsgəridir.

“Prezident İlham Əliyevin vurğuladığı kimi məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır”, - deyə S.Xasayeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.