SİYASƏT


Deputat Jalə Əhmədova: Noyabrın 26-da Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı

Bakı, 30 noyabr, AZƏRTAC

Ermənistanla Azərbaycan arasında müharibəyə son qoymuş Üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və ötən bir il bütövlükdə müsbət səciyyələndirilir. İl ərzində çox mühüm hadisələr baş verib. İki ölkə arasında fikir ayrılıqlarının nizamlanması üçün qəbul edilmiş qərarlar Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz olmasına şərait yaradacaq.

Azərbaycan Ermənistanla çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir və bunu dəfələrlə bəyan edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova söyləyib.

O deyib: “Bu baxımdan noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələri yeni diplomatik uğurumuzdur desək, yanılmarıq. Çünki Bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə əks olunmaqla ölkəmiz qarşısına qoyduğu məqsədlərə çatdı. Belə ki, Bəyanata nəzər saldıqda görə bilərik ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi yoxdur. Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir.

Görüşdə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar da qəbul olunub. Beləliklə də, Azərbaycan Prezidentinin mövqeyi hər hansı bir şərt olmadan sənəddə öz əksini tapıb.

Bəyanatda görüşün iştirakçısı olan ölkələr Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və ona dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq edirlər.

Bundan başqa, ən önəmli məsələlərdən biri də odur ki, Rusiya Prezidenti mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsini işlətməklə bu məsələnin həyata keçirilməsinə öz dəstəyini ifadə etdi”.

Deputat qeyd edib ki, digər önəmli məsələ isə Bəyanatda Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonra isə Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasının şərtlənməsidir.

Üçtərəfli görüşdən bir həftə sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın Moskvada bir araya gəlməsinin gözlənilməsi də proseslərin sürətləndirilməsini nəzərdə tutur.

“Bundan başqa, bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi də çox önəmli məsələ olmaqla yanaşı, sülh danışıqlarını daha çox ikitərəfli formata yönəldir. Bununla da, status məsələsi artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılır. Beləliklə də, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha nümayiş etdirilib.

Bütün bunlar deməyə əsas verir ki, noyabrın 26-da Soçidə imzalanmış üçtərəfli bəyanat ölkəmizin yeni diplomatik uğuru olmaqla bərabər, həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılmış mühüm addımdır”, - deyə Jalə Əhmədova əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.