SİYASƏT
Deputat: Kəlbəcərdə baş verən hadisə erməni terrorunun növbəti təzahürüdür
Bakı, 5 iyun, AZƏRTAC
Namərd düşmən, murdar, alçaq erməni xisləti yenə öz sözünü dedi. Lal, kar, kor dünya isə yenə də susdu, hadisələri yenə də görməzdən gəldi. İyunun 4-də növbəti dəfə qanlı erməni cinayətkarlığının şahidi olduq. Yenə günahsız qanlar axıdıldı, yenə günahsız canlar getdi, yenə şəhid verdik.
Kəlbəcər rayonunun Susuzluq kəndində peşə fəaliyyətlərini yerinə yetirərkən iki media təmsilçimiz- AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov mina partlaması nəticəsində həyatlarını itirdilər, şəhid oldular.
Biz indiyədək Alı Mustafayev, Osman Mirzəyev, Salatın Əsgərova, Çingiz Mustafayev kimi jurnalistləri, qələm əhlini itirmişik, onlar qanlı erməni terrorizminin, erməni vandalizminin qurbanına çevriliblər.
Çox təəssüf ki, uzun illərdən sonra mediamız yenidən şəhid verdi. Dünən yenə kar, kor, lal dünyanın gözləri qarşısında qanlı erməni terrorizmi, barbarlığı, vandalizmi baş verdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.
Deputat qeyd edib ki, buna görə təkcə ermənilər və Ermənistan günahkar deyil, buna görə həm də Ermənistana, ermənilərə himayədarlıq edənlər - Şimaldan Cənubadək, Şərqdən Qərbədək hər kəs günahkardır. Onların üzərində də bu tökülən qanların izi, ləkəsi var. Çünki İkinci Vətən müharibəsinin başa çatmasından 7 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ermənilər və Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermir, vermək istəmir, min cür fırıldaq işlədib bundan boyun qaçırırlar. Onlara dəstək olanlar, qahmar çıxanlar da - elə Qərbdəkilər də, elə ATƏT-dəkilər də, elə həmsədrlik institutunda əyləşənlər də onlara gözün üstə qaşın var demir, erməniləri və Ermənistanı öz öhdəliklərinə sadiq qalmağa, onları yerinə yetirməyə məcbur etmirlər.
Yenə də oyun oynayırlar, yenə də “bulanıq suda balıq sevdası”ndadırlar. Onlar ədalət, həqiqət, sülh, təhlükəsizlik tərəfdarı olsaydılar, erməniləri və Ermənistanı çoxdan buna məcbur edərdilər. Amma elə ona görə iyunun 4-dəki faciə, qanlı hadisə də daxil olmaqla, hər biri ermənilər və Ermənistan qədər məsuliyyətli və günahkardır.
“Bəli, ermənilər və Ermənistan Susuzluqdakı qanlı hadisə ilə bir daha çirkin, murdar üzlərini açdılar, ifşa etdilər. Bir daha göstərdilər ki, canidirlər, cinayətkardırlar və başları yenə “dəmir yumruq” istəyir, - deyən deputat vurğulayıb ki, “dəmir yumruq” yenə yerində, yenə də öz əzəmətindədir və hər an işə düşə, ermənilərin, Ermənistanın, onların qanlı dəstəkçilərinin başına endirilə bilər. Əgər bunu istəmirlərsə, o zaman minalanmış ərazilərin xəritələrini təcili olaraq Azərbaycana təhvil verməli və torpaqlarımızdan birdəfəlik getməlidirlər.
Azərbaycan xalqının və dövlətinin əsəbləri ilə oynamamalı, əsəblərimizi yenidən tarıma çəkməməlidirlər. Çünki uduzan yenə onlar olacaq, bu dəfə isə birdəfəlik, əbədi olaraq!
Deputat qanlı hadisə zamanı həlak olanlara Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı verib, yaralananların isə tezliklə şəfa tapmalarını arzulayıb.
Şəhidlər ölməz, Vətən bölünməz! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!