CƏMİYYƏT
Deputat: Koronavirusa yoluxanların sayında nəzərəçarpan artım bizdən daha ehtiyatlı və məsuliyyətli davranmağı tələb edir
Bakı, 28 yanvar, AZƏRTAC
Koronavirusun yeni ştamına yoluxanların sayında nəzərəçarpan artım bizdən daha ehtiyatlı və məsuliyyətli davranmağı tələb edir. “Omikron” ştamı bütün dünyada insanlar və səhiyyə sistemləri üçün problem yaratmağa başlayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli bildirib.
Deputat deyib ki, bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və Rumıniyada yoluxma sayında yeni antirekord qeydə alınıb. Bir sutka ərzində Fransada 500 min, Almaniyada 200 min yeni yoluxma halı baş verib. Fransada gün ərzində 30 min nəfərin xəstəxanalara yerləşdirilməsi bu ölkənin səhiyyə sistemini ciddi çağırışlar qarşısında qoyub. Almaniyanın səhiyyə naziri Avropa İttifaqı ölkələrinə müraciət edərək, onları immunitet sertifikatının etibarlılıq müddətini 6 aydan 3 aya qədər azaltmağa çağırıb. Qonşu Rusiya, Gürcüstan və digər ölkələrdəki vəziyyət də ürəkaçan deyil. Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayının ardıcıl olaraq 3 mini ötməsi ciddi narahatlıq doğurur. Hökumət iqtisadi fəallığın azalmasına səbəb ola biləcək addımlar atmaq niyyətində deyil. Belə bir şəraitdə hər birimiz özümüzün, doğmalarımızın və ətrafımızdakı insanların sağlamlığını qorumalı, qaydalara əməl etməli, peyvənd olunmalıyıq".
Azər Kərimli Ümumdünya Səhiyyə Təşkilatının və ölkəmizin səhiyyə təsisatlarının mütəxəssislərinin rəylərinə istinad edərək, sürətlə yayılan “omikron” ştamından qorunmağın ən effektiv yolunun “buster” doza olduğunu bildirib. Bu baxımdan “Peyvənd sertifikatı” almaq üçün 1-ci və 2-ci dozanın vurulmasında nümayiş olunan laqeydlik təkrarlanmamalıdır. Ölkənin tibb müəssisələrinin imkanlarını nəzərə almaq, “buster” dozanın vurulması üçün indidən poliklinikalara üz tutmaq lazımdır. Həm də nəzərə almaq lazımdır ki, artıq fevralın 15-dən etibarən ikinci dozadan sonra verilmiş “Peyvənd sertifikatı” etibarlı sayılmayacaq.