CƏMİYYƏT
Deputat: Koronavirusla bağlı təhlükələri aradan qaldırmaq üçün peyvənd olunmaq zəruridir
Bakı, 25 iyun, AZƏRTAC
Ötən dövr ərzində Azərbaycan COVID-19-la mübarizədə nümunəvi addımlar atmağa nail oldu. 2021-ci ildə vaksinlərin Azərbaycana gətirilməsi və vətəndaşların peyvəndlənməsi kampaniyasına başlanılması bu günlərdə karantin rejiminin yumşalmasını şərtləndirən amilə çevrildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Vətəndaşların sağlamlığını qorumaq üçün dövlət tərəfindən zəruri addımlar atılaraq bu missiyanın öhdəsindən gəlindiyini bildirən deputat deyib: “Əksər dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın həyata keçirdiyi bu siyasəti nümunəvi addım kimi dəyərləndirdi. Bizim vətəndaşlarımız da qaydalara riayət edərək həm sosial məsafənin qorunması, həm də tibbi maskalardan istifadəyə əməl etdilər. Hazırda isə vaksinasiya göstəricilərinə görə, Azərbaycan MDB məkanında liderdir. Ancaq bütün bunlara baxmayaraq, hələ də vaksin olunmayan vətəndaşlarımız var”.
N.Həmzəyev diqqətə çatdırıb ki, pandemiyadan xilas olmağın yeganə yolu əhalinin ən azı 70-80 faizinin vaksinasiya edilməsindən keçir. Bu baxımdan, qarşıda gələ biləcək yeni dalğanın qarşısını ala bilmək üçün vaksinasiya prosesini sürətləndirməliyik. “Sevindirici haldır ki, Azərbaycan dövləti tərəfindən vaksinlə bağlı problem tamamilə aradan qaldırılıb. Əgər başqa ölkələrdə vaksin çatışmazlığı varsa, peyvəndlərin əldə edilməsində müəyyən problemlər yaşayırsa, bundan fərqli olaraq Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərin gətirilməsi və peyvəndlənmə prosesi üçün lazımi şərait yaranıb. Hazırda 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları peyvənd vurdura bilərlər. Nəticə etibarilə onlar həm COVID pasportu, həm də immunitet sertifikatı əldə edirlər. Bu da istər-istəməz həmin vətəndaşların müəyyən tədbirlərdə iştirakına, bir çox obyektlərə sərbəst giriş-çıxışlarına imkan verir”, - deyə deputat qeyd edib.
O bildirib: “Bir çox ölkələr COVID pasportu və immunitet sertifikatı ilə səyahətlərə icazə verir. Bir sözlə, biz bu gün dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləməliyik. Vaksin olunmalıyıq ki, qarşıdakı təhlükələrdən sığortalanaq, onları asanlıqla dəf edək”.