CƏMİYYƏT


Deputat: Londondakı hadisənin arxasında kimlərin olduğu mütləq üzə çıxmalıdır

Bakı, 6 avqust, AZƏRTAC

Böyük Britaniyada səfirliyimizin binasına edilən hücum, xüsusilə bayrağımızın çıxarılıb, başqa hər hansı bir məzhəbin bayrağı ilə əvəz olunması dövlətimizə və xalqımıza, dövlətçiliyimizə qarşı hücumdur. Bu, tezliklə London hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, günahkarlar üzə çıxarılmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. O qeyd edib ki, Azərbaycanın ən vacib siyasi xətti məhz dünyəvilikdir. Bizim ölkədə müxtəlif etiqadlara sitayiş edən ayrı-ayrı etnik qruplar yaşayır ki, onlar hər biri Azərbaycan dövləti üçün vətəndaşdır və eyni hüquqa malikdir: “Bu günə kimi dövlətimiz heç kimi dini inancına və ya mənsub olduğu etnik qrupa görə nə günahlandırıb, nə də fərqləndirib. Bu, mümkün də deyil. Çünki biz dünyəvi dəyərləri yüksək səviyyədə mühafizə edən bir xalq və dövlətik. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində də bu, öz əksini tapıb. Həmin maddədə qeyd olunub ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”.

“Bunu bütün dünya da yaxşı bilir ki, dünyəvilik Azərbaycanın qırmızı xəttidir. Dünyanın nəhəng siyasi mərkəzlərindən olan Londondakı hadisənin arxasında kimlərin durduğu mütləq üzə çıxmalıdır. Bu cinayətin bir neçə məqsədi ola bilər. Azərbaycanla Britaniya arasında özəl, çoxşaxəli münasibətlər var, hadisənin məhz Londonda olması iki ölkə arasında olan münasibətləri korlamağa hesablanmış da ola bilər. Həmçinin bunun əsas məqsədlərindən biri də qonşu İranla münasibətləri korlamaq ola bilər. Digər çox vacib amil isə bu cinayətin məqsədi ölkəmizin daxilində qarışıqlıq salmağa da hesablana bilər. Çünki ölkəmiz çoxmillətli və müxtəlif inanclı xalqların məkanıdır, din və etiqad həssas məsələlərdən biri, həmçinin vacibidir”, - deyə Milli Məclisin deputatı bildirib.

Qeyd edilib ki, dövlətimizin hər zaman bütün məsələlərdə soyuqqanlı və düşünülmüş addımları çox yüksək səviyyədə olur: “Biz imkan verməyəcəyik ki, xaricdə Azərbaycanımızı sevməyən qüvvələrin törətdikləri bu qanunazidd hərəkətləri ölkə daxilinə daşıyıb, dövlətimizin dayaqlarını sarsıtmaq üçün fəaliyyətə keçsinlər. Mən ümid edirəm ki, hər kəs konstitusiyamızda təsbit olunmuş dünyəvilik prinsipinə sadiqlik nümayiş etdirib, dövlətimizi bu kimi təhlükələrdən xalq dövlət birliyinin gücü ilə qoruyacaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.