CƏMİYYƏT


Deputat: Müstəqil Azərbaycan dünyəvi dövlət olması ilə bərabər, bütün mənəvi dəyərlərə böyük önəm verməsi ilə seçilir

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının müqəddəs bayramlarından biri də Qurban bayramıdır. Bu, İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən geniş surətdə qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. Bütün müsəlman aləmində Hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Dini qurban kəsmək İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərlə bağlıdır və məqsəd imkanı olmayanların da bayram günlərində ac qalmamaları, evlərində bayram əhval-ruhiyyəsini hiss etmələridir. Qurban bayramının əsasında isə Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva söyləyib.

Deputat qeyd edib ki, müstəqil Azərbaycan Respublikası dünyəvi dövlət olması ilə bərabər, tolerantlığı, ərazisindəki bütün konfessiyalara eyni hörmətlə yanaşması, bütün mənəvi dəyərlərə önəm verməsi ilə seçilir. Buna görədir ki, İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da geniş qeyd edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

“Əslində, müstəqilliyimizin boğulduğu zamanlarda da heç bir qadağa və qorxu xalqın mənəvi dəyərlərindən biri olan bu bayramı onun şüurundan silə bilməmişdir. Bu gün artıq 20 ilə yaxındır ki, bu mənəvi bayramımızı, zəngin mənəvi ruhumuzun timsalı olan Qurban bayramını rəsmi dövlət səviyyəsində qeyd edə bilirik. Bütün tarixi günlərimiz və milli bayramlarımız kimi, bu ilki Qurban bayramımız da ötən illərdən fərqlənir. Bu il bu bayram böyük Zəfərimizdən sonra qeyd edilir. Daha, “İnşallah, gələn il Qurban bayramını azad edilmiş torpaqlarımızda qeyd edərik” demirik. Bu il bu bayramı da Qələbə sevinci ilə qeyd edirik. Bütün xalqımızın, o cümlədən bizə Zəfər sevinci yaşadan igidlərimizin bayramı mübarək olsun. Şəhidlərimiz canlarını Vətən yolunda qurban etdilər. Vətən uğrunda şəhid olmaq da İsmayıl qurbanına bərabərdir. Allah şəhidlərimizin ruhunu şad eləsin”, - deyə deputat bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.