SİYASƏT


Deputat: Nə Ermənistan, nə də onun havadarları Azərbaycanın yaratdığı reallıqları dəyişmək iqtidarında deyil

Bakı, 4 avqust, AZƏRTAC

Qırx dörd günlük müharibədə Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayaraq darmadağın olan işğalçı Ermənistanın təcavüzkar hərbi birləşmələri vaxtaşırı müxtəlif təxribatlar törədirlər. Bununla 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəaları kobud surətdə pozulur. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətməsi də üçtərəfli Bəyanata ziddir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.

Komitə sədri deyib ki, indiyə qədər bütün hərbi-siyasi və silahlı təxribatların qarşısını alan Azərbaycan Ordusu növbəti dəfə terrorçu-təxribatçılara layiqli cavab verdi. Ordumuzun bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı.

S.Novruzovun sözlərinə görə, Azərbaycan növbəti dəfə sübut etdi ki, “dəmir yumruq” yerindədir və üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir. Qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Bir daha dünyaya nümayiş etdirildi ki, Vətən müharibəsində şanlı Qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. İstənilən təxribat cəhdinin qarşısı alınacaq.

Ermənistanın üçtərəfli Bəyanatın bütün müddəalarına tam, vaxtında və qeyd-şərtsiz əməl etməkdən başqa çıxış yolu yoxdur.

“Azərbaycan öz mövqeyindən bir addım da geri çəkilməyəcək, heç bir halda güzəştə getməyəcək və zəruri addımlar atılacaq. Yeni reallıqlar fonunda ölkəmizin qüdrəti, Ordumuzun gücü və beynəlxalq hüquq normaları buna imkan verir”, - deyə Siyavuş Novruzov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.