SİYASƏT


Deputat: Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək

Bakı, 11 mart, AZƏRTAC

OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Bunun səbəbi hər şeydən əvvəl Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və şaxələndirilmiş olması, eyni zamanda, bu cür ekstremal vəziyyətlərə qarşı immunitetinin olmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, qlobal iqtisadi münasibətlərə süni siyasi müdaxilələr olur və bu iqtisadi proseslərə mənfi təsir göstərir. “Biz eyni iqtisadi əsaslarda olmasa da, iqtisadiyyata süni siyasi müdaxilənin bənzər formasına 2014- cü ildə də rast gəlmişik və bu vəziyyətdə görülən preventiv tədbirlər nəticəsində iqtisadiyyatımızın qısa müddətdə dayanıqlı inkişaf yoluna qədəm qoyduğuna şahid olmuşuq. Elə indi də neftin qiymətinin kəskin aşağı düşməsi fonunda ölkəmizdə yenə operativ önləyici tədbirlərin görülməsi öz səmərəli nəticələrini verəcək”, - deyə o əlavə edib.

H.Babaoğlu deyib ki, artıq OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar Azərbaycan hökuməti operativ müzakirələr aparıb və neqativ iqtisadi təsirlərin neytrallaşdırılması üçün preventiv tədbirlər planları hazırlanıb. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və son illərdə dayanıqlılığın daha da möhkəmlənməsi, ölkə iqtisadiyyatının iqtisadi təlatümlərə hazır olması, iqtisadi inkişafın davamlılığı, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikasının davam etməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, neftdən asılı olmayan sektorlarda iqtisadi inkişafın xüsusi çəkisinin artması milli iqtisadiyyatımızın immunitetini formalaşdıran əsas iqtisadi faktorlar kimi çıxış edir və iqtisadiyyatımızı bu cür risklərdən qoruyur. Ona görə də ciddi narahatlığa elə bir əsas yoxdur və nəzərdə tutulan bütün layihələrin, xüsusilə də sosial layihələrin həyata keçirilməsində heç bir problemin olması proqnozlaşdırılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.