SİYASƏT


Deputat: Ölkəmizdə regionların sosial-inkişafı istiqamətində formalaşdırılan strategiya özünü tam doğrultmaqdadır

Bakı, 21 aprel, Səadət Hakıyeva, AZƏRTAC

Prezident İlham Əliyevin Hacıqabula səfəri çərçivəsində dövlət televiziyasına müsahibəsində çox vacib bir məqam istər daxili, istərsə də xarici auditoriyanın diqqətini çəkdi. Dövlətimizin başçısı açıq-aşkar bəyan etdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Prezident İlham Əliyev bununla bağlı qəti şəkildə dedi: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”. Çox sadə bir sual meydana çıxır, biz sonuncu dəfə tariximizin hansı dövründə bu cür ötkəm və arxayın bir güc sahibi kimi danışa bilmişik? Sonuncu dəfə nə vaxt diktə etmək imkanına malik olmuşuq? Bəli, bu, tam yeni bir reallıqdır və gün kimi aydındır ki, Prezident İlham Əliyev beynəlxalq hüququ və ədalət prinsipini rəhbər tutaraq bu reallığı yaradıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

B.Məhərrəmovun sözlərinə görə, dövlətimizin başçısı Ermənistanı bugünkü daimi sülh və əmin-amanlıq, eyni zamanda, əməkdaşlıq vəd edən müsbət formata güc yolu ilə məcbur edib. Lakin bir məqamı unutmamalıyıq ki, bu gücün arxasında 17 illik konseptual hazırlıq prosesi dayanıb. Münaqişənin həllində təbii ki, beynəlxalq hüquqi bazanın formalaşdırılması, ordu quruculuğu, güclü hərbi sənaye kompleksinin formalaşdırılması mühüm rol oynadı. Maliyyə sabitliyi, milli həmrəylik, sağlam və milli ruhda gənc nəslin yetişməsi də Qələbəmizin qazanılmasında əsas şərtlərdəndir. Şübhəsiz ki, bu proseslərin mərkəzində iqtisadi güc amili dayanıb. İqtisadi güc isə siyasi suverenliyin kökündə duran əsas amildir.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun milli iqtisadiyyatda payının artırılması, sağlam biznes mühitinin formalaşdırılması istiqamətində səyləri son nəticədə Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasına rəvac verib. Bu proses bu gün də davam etməkdədir. Dövlətimizin başçısının müəyyən etdiyi yol xəritəsi, xüsusilə regionların sosial-inkişafı istiqamətində formalaşdırdığı strategiya özünü tam doğrultmaqdadır: “Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri və keçirilən silsilə tədbirlərin məzmunu yalnız bir rayonun timsalında ümumilikdə bütün ölkə üzrə proseslərə işıq salmağa imkan verir. Hacıqabulda reallaşdırılan sənaye məhəlləsi təcrübəsi, habelə aqroparkların uğurlu fəaliyyətinin əhəmiyyəti yalnız bir rayonun inkişafı məqsədi ilə məhdudlaşmır. Bu, həm də Azərbaycanın növbəti 10 il üzrə Milli Prioritetlərinin həyata keçirilməsi üçün əhəmiyyətli təcrübə bazası rolunu oynayacaq. Xüsusən, “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması”, habelə “işğaldan azad olunmuş ərazilərə böyük qayıdış” prioritetləri üzrə Hacıqabul nümunəsi əhəmiyyətli istinad nöqtəsinə çevrilməkdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev səfər zamanı rayondakı aqroparkların idarəçilərinə işğaldan azad olunmuş torpaqlarda, Qarabağda oxşar təsərrüfatların yaradılması barədə tövsiyələrini verərək, bu istiqamətdə ilkin addımların atıldığına diqqət çəkib”, - deyə deputat qeyd edib.

Bəhruz Məhərrəmov vurğulayıb ki, ümumiyyətlə, dövlətimizin başçısının Hacıqabul səfəri bir rayonun timsalında ölkədə vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrasından və özünü doğrultmasından xəbər verir. Xüsusilə nəzərə alsaq ki, hazırkı reallıqda - müharibədən sonrakı özünübərpa, habelə pandemiya və postpandemiya reallığının yaratdığı çətinliklər fonunda bu nəticələr Azərbaycana hava və su kimi lazımdır. “Üstəlik, postmüharibə dövrü bölgədə təmin olunmuş sabitlik, kommunikasiya xətlərinin açılması, yeni əməkdaşlıq platformaları istiqamətində perspektivlər Azərbaycanın qlobal haba çevrilməsinə zəmin yaradır. Bu, ölkəmizə xüsusi üstünlüklər qazandırmaqla bərabər, həm də qarşıya mühüm vəzifələr qoyur”, - deyə deputat fikirlərini tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.