CƏMİYYƏT


Deputat: Pandemiyadan çıxış yolu yalnız vaksinasiyadır

Bakı, 2 avqust, AZƏRTAC

Artıq bir ildən çoxdur ki, dünyanın üzləşdiyi qlobal pandemiya davam etməkdədir. Başladığı vaxtdan etibarən dünya bu gözlənilməz, qəfil bəla ilə mübarizə aparır. Pandemiya ilə mübarizədə ölkələr fərqli metod və vasitələrdən istifadə etdilər. Ancaq mübarizə metodları nə qədər fərqli olsa da, bütün dövlətlərin ortaq bir fikri var ki, müharibədən yeganə çıxış yolu vaksinasiyadır. Vaksinasiya milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Hazırda da dünya pandemiya ilə mübarizənin ən təsirli yolu olan vaksinasiya mərhələsindədir. Avropa İttifaqı ölkələrinin təxminən 100 milyon sakini koronavirus əleyhinə tam vaksinasiya olunub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, ölkəmizdə bu sahədə vəziyyət digər ölkələrlə müqayisədə təhlükəli deyil. Verilən qərarlar, görülən tədbirlər sayəsində yoluxma və ölüm sayına görə Azərbaycan əksər Avropa ölkələrindən yaxşı yerdə qərarlaşıb. Ümumiyyətlə, koronavirus pandemiyası ölkəmizdə bir ildən çoxdur müşahidə edilir. Bu təhlükəli virusa qarşı mübarizə tədbirlərinə ilk günlərdən başlanılıb. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Ölkədə COVID-19 xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının ümumi sayı 10 mindən çoxdur. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılıb. Hazırda bu laboratoriyaların sayı 20-dən artıqdır. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibbi müəssisələrdə müalicə alır. Prezident İlham Əliyev tərəfindən virusun yayılmasının qarşısının alınmasında vacib olan tibbi maskaların təminatı məqsədilə də yerli istehsal müəssisəsi açılmış və bütün istiqamətdə operativ tədbirlər həyata keçirilib. Hələ də pandemiyaya qarşı ciddi mübarizə tədbirləri davam etdirilir. Bu səbəbdəndir ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyada ən uğurlu ölkələr sırasındadır.

Deputat vurğulayıb ki, dövlətimizin başçısının birbaşa rəhbərliyi və ciddi nəzarəti altında pandemiyaya qarşı həyata keçirilən məqsədyönlü və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verib, kütləvi yoluxmanın qarşısını alıb. Təəssüf ki, son həftələr bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirusa gündəlik yoluxmanın sayı artıb. Hətta koronavirusun “Delta” ştamı da ölkəmizdə aşkarlanıb. Bu onu göstərir ki, heç də arxayınlaşmaq olmaz. “Yenidən qapanmalara və sərt tədbirlərə ehtiyac olmaması üçün ölkədə peyvənd olunanların sayı əhalinin azı 80 faizini təşkil etməlidir. Bu göstərici ölkədə kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq və pandemiya bəlasından xilas olacağıq. Azərbaycan vaksinləri əldə edən və əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır. Yenə də əhalidən yalnız qoyulan qaydalara riayət etməklə, virusun hələ davam etdiyini nəzərə almaqla peyvənd olunmaq rica edilir ki, bu da insanların sağlamlığına hesablanıb. Çünki vaksin olunmaq xəstəliyi ağır keçirmənin qarşısını alır. Lakin ehtiyat tədbirləri heç bir halda unudulmamalıdır”, - deyə o bildirib.

A.Məmmədov deyib ki, insanlar vaksin vurdurduqdan sonra virusa yoluxsa da, bu prosesi ağır keçirmir və ölüm riski ən aşağı səviyyədə olur. O da vurğulanmalıdır ki, insanlar vaksin olunduqdan sonra da diqqətli olmalı və şəxsi gigiyenik qaydalara əməl etməlidirlər. Deputat vurğulayıb: “İnsanların, dünyanın pandemiyadan çıxış yolu yalnız vaksinasiyadır. Bu, artıq pandemiya dinamikasının diktə etdiyi reallıqdır. Yalnız peyvənd olunmaqla virusdan xilas olub normal, xoşbəxt həyata qayıda bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.