SİYASƏT
Deputat Pərvin Kərimzadə: Azərbaycan xalqı heç zaman pozucu qüvvələrin arxasınca getməyib və getməyəcək
Gəncə, 14 iyul, Rauf Hacıyev, AZƏRTAC
Bu gün Azərbaycan öz inkişafının ən güclü dövrünü yaşayır. Ölkəmiz ali tribunalardan sözünü deməyi bacaran, mövqeyini qoruyan qüdrətli müstəqil dövlətdir. Bu gücün təməlində ümummilli lider Heydər Əliyevin bu günümüz, gələcəyimiz üçün inkişaf strategiyası dayanır və bu dövləti heç bir qüvvə sarsıda bilməz. Prezident İlham Əliyevin vurğuladığı kimi, heç bir xarici və daxili düşmən müstəqil Azərbaycanda xalq-iqtidar birliyinə zərər vura bilməz.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində iyulun 3-də və iyulun 10-da Gəncədə radikal qüvvələrin törətdiyi qanlı hadisələrə münasibət bildirən Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat qeyd edib ki, xalq ilə iqtidarın həmrəyliyi, bir-birinə sıx bağlılığı sayəsində bu gün Azərbaycan vətəndaşların rifah və təhlükəsizlik mühitində yaşadığı sabitlik adasına çevrilib. “Bu sabitliyi pozmağa dəfələrlə cəhdlər olub və həmişə radikal qüvvələr məğlubiyyətə məruz qalıblar. Çünki xalq heç zaman pozucu qüvvələrin arxasınca getməyib və getməyəcək. Gəncədə baş verən hadisələr bunu bir daha göstərdi. Azərbaycan dövlətinin və xalqının birliyini, sabitliyi pozmağa, iğtişaş törətməyə çalışan cinayətkar və anti-Azərbaycan qüvvələrin məkrli planları bir daha puç oldu. Azərbaycan xalqı, həmçinin Gəncə sakinləri dövlətinin və dövlətçiliyinin yanında olduqlarını bir daha təsdiqlədilər”, – deyə P.Kərimzadə qeyd edib.