SİYASƏT


Deputat: Prezident İlham Əliyev postmüharibə dövrünün reallıqlarını beynəlxalq KİV vasitəsilə dünyaya bəyan edir

Bakı, 1 oktyabr, AZƏRTAC

Vətən müharibəsindən ötən bir il ərzində bölgədə baş verən hadisələrlə bağlı ünvanlanan bütün sualları Prezident İlham Əliyev çox dolğun şəkildə cavablandırır. Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində də dövlətimizin başçısı əsas diqqəti 1 il əvvəl müharibədən öncəki vəziyyətə yönəltdi. Bu müharibənin başlamasının əsas səbəbi Ermənistanın yeni ərazilər işğal etmək niyyəti və çoxsaylı təxribatları idi. Təbii ki, münaqişənin 30 ilə yaxın bir müddətdə həll edilməməsi, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin həll prosesi istiqamətində məqsədli şəkildə fəaliyyətsizliyi vəziyyətin bu həddə çatmasına zəmin yaratmışdı. Bu, reallıqdır və bunu Azərbaycan Prezidenti dünyanın nüfuzlu KİV-inə müsahibəsində açıq şəkildə bəyan edib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılan vacib məqamlardan biri də on illərlə Qarabağda Azərbaycanın maddi və mənəvi irsinin dağıdılmasına göz yumulması, Ermənistanın hərbi cinayətlərinə reaksiya verilməməsidir. Bu gün əsas məsələ müharibədən sonrakı vəziyyətlə bağlıdır. Münaqişənin həllindən sonra Minsk qrupundan əsas gözlənti regionda sülhün bərqərar olması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək göstərməsidir. Lakin bu, müşahidə edilmir. Vasitəçilərin bu fəaliyyətsizliyi həm də Ermənistanın 10 noyabr Bəyanatının şərtlərini kobudcasına pozmasına münasibətdə də özünü göstərir.

Bu gün bütün səylər erməni silahlı qüvvələrinin Azərbaycan torpağından tam çıxarılması, Zəngəzur dəhlizinin açılması istiqamətində birləşdiriməlidir deyən deputat əlavə edib: “Dövlətimizin başçısının da söylədiyi kimi, Azərbaycan hələ ki, bu məsələlərdə səbir və təmkin nümayiş etdirir, ancaq bu, daimi ola bilməz. Özünü təcrid vəziyyətinə salan Ermənistan yeni yaranmış reallığa uyğun davranışlar sərgiləməlidir. Rəsmi Bakı haqlı olaraq bəyan edir ki, Zəngəzur dəhlizi Ermənistanla əlaqələrin normallaşması üçün əsas şərtdir. Ermənistan bununla razılaşmağa məcburdur”.

K.Nurullayeva qeyd edib ki, yolunu azmış və Azərbaycanda yaşayan ermənilərin hazırkı sosial durumu da təsdiqləyir ki, onların rifah halı yalnız və yalnız Azərbaycan dövləti ilə bağlıdır. Bu reallığı Ermənistana qəbul etdirmək lazımdır və bu işdə məsuliyyət Minsk qrupunun üzərinə düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.