SİYASƏT
Deputat: Prezident İlham Əliyevin Ağdam səfəri “Qarabağda cənnət yaradacağıq” vədinin növbəti akkordlarıdır
Bakı, 31 may, AZƏRTAC
Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdiyi, Qarabağı işğaldan azad etdiyi kimi, “Qarabağda cənnət yaradacağıq” vədini də addım-addım yerinə yetirməkdədir. Prezident İlham Əliyevin bu dəfə işğaldan azad olunmuş Ağdam rayonuna səfər etməsi, şəhərinin Baş Planının təqdim olunması, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində iştirak etməsi, Şahbulaq qalasında, Qiyaslı məscidində, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olması, bərpaları barədə göstərişlər verməsi dövlətimizin başçısının “Qarabağda cənnət yaradacağıq” vədinin növbəti akkordlarıdır. Bu gün artıq hər kəs əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, Böyük Qayıdış başlayacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdiyini vurğulayan deputat deyib: “Ağdam şəhəri kimi digər azad olunmuş şəhərlərin də baş planları təsdiq ediləcək, onun əsasında şəhərlərimiz planlı şəkildə bərpa olunacaq. İşğaldan azad olunmuş ərazilərimizin tanınmış şəxsləri Baş Planlarla tanış olacaq və onların təklifləri də nəzərə alınacaq. Bütün şəhərlərin infrastrukturu tamamilə bərpa olunacaq. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Bu gün artıq Ağdamla yanaşı, Zəngilanda, Şuşada sürətli şəkildə bərpa işləri aparılmaqdadır”.
Sədaqət Vəliyeva əlavə edib ki, müharibədən çıxmış bir dövlətin pandemiya şəraitində, dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə işğaldan azad olunan ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını reallaşdırması, şəhərlərin bərpasına start verməsi bir daha ölkəmizin gücünü və qüdrətini nümayiş etdirir.