SİYASƏT


Deputat: Prezident İlham Əliyevin Özbəkistan səfəri və əldə edilən razılıqlar münasibətlərin gələcək inkişafı üçün əsas olacaq

Bakı, 21 iyun, AZƏRTAC

Məlum olduğu kimi Azərbaycan türk dövlətləri ilə, o cümlədən Özbəkistanla əməkdaşlığa önəm verir. Ümumiyyətlə, Azərbaycanla Özbəkistan arasındakı əməkdaşlıq xüsusilə fərqlənir desək, heç də yanılmarıq.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səslənən fikirlər və iki ölkə arasında imzalanan sənədlər dostluq və qardaşlığımızın sarsılmazlığını bir daha təsdiqlədi.

Azərbaycan Prezidentinin pandemiyadan sonra ilk rəsmi səfərini Özbəkistana etdiyini vurğulayan V.İskəndərov deyib: “Təbii ki, bu da ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bəyan etdiyi kimi bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyaları bir-birinə qarşılıqlı təsir göstərir. Özbəkistanın Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır”.

Deputat diqqətə çatdırıb ki, iki qardaş ölkə arasında əlaqələrin genişlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də müstəsna xidmətləri olub. Qədirbilən özbək xalqı da bunu heç zaman unutmur. Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin yaradılması Ulu Öndərin xatirəsinə dərin ehtiramın, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin ifadəsidir.

V.İskəndərov bildirib ki, Özbəkistan, eyni zamanda, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlərdə hər zaman Azərbaycanın yanında olub, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. Yəni, bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüququn əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra da Özbəkistan həm qardaş təbrikini çatdırıb, həm də işğaldan azad edilmiş ərazilərin postmüharibə dövründə bərpasına öz dost köməyini bəyan edib. 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Ş.Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. Artıq 3 hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilib və ilkin işlərə başlanılıb.

“Ümumiyyətlə, Prezident İlham Əliyevin Özbəkistana bu səfəri tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının da bəyan etdiyi kimi Özbəkistan səfəri və əldə edilən razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Xüsusilə də Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır”, - deyə Vüqar İskəndərov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.