SİYASƏT


Deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar istedadlı gənclərin elmə cəlb olunmasına töhfə verəcək

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman zamanında verilmiş qərardır. Bu Fərman elm və təhsilin inkişafına böyük töhfələr verəcək. Çünki bu sahələr üzrə idarəetmə və struktur islahatlarının aparılması günümüzün tələbidir.

Bu fikirləri AZƏRTAC-açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bu Fərmanı Azərbaycan elminin dirçəlişi baxımından çox vacib addımdır. Onun sözlərinə görə, yaşadığımız elm və texnologiyalar əsrində ölkəmizdə də bu sahələrdə müasir dövrün tələblərinə uyğun yeniliklər olmalıdır: “Bu səbəbdən də, akademiyanın idarəetməsində və strukturunda islahatlar ciddi zərurətə çevrilmişdi. Bu baxımdan, dövlətimizin başçısının fərmanı sosial sifarişdir, cəmiyyətdən gələn təşəbbüsdür. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru kimi hesab edirəm ki, yüksək texnologiyalar istiqamətində, o cümlədən fizika sahəsində ixtiralar hər bir ölkənin inkişafına mühüm töhfələr verir. Müasir dünyanın tələblərindən biri odur ki, həm hərbi sənayedə, həm də digər sahələrdəki nailiyyətlər elmdən gələn ixtiralarla bağlıdır. Azərbaycan iqtisadiyyatının da daha çox elmi ixtiralara, innovasiyalara ehtiyacı var. Elmi-texniki nailiyyətlərin istehsalata tətbiqinin böyük əhəmiyyət kəsb etdiyi indiki dönəmdə ölkəmizdə də bu sahədə islahatlar olduqca aktualdır. Bir sıra dünya ölkələrində elmin və onun nailiyyətlərinin ÜDM-də payı kifayət qədər yüksəkdir. Biz də bu hədəflərə çatmalıyıq. Bunun üçün elmdə, o cümlədən fizika sahəsində müasir texnologiyalardan istifadə etmək lazımdır. Həmçinin elmi laboratoriyalar bağlanmalı deyil, əksinə yeni, dövrün tələblərinə cavab verən laboratoriyalar yaradılmalıdır”.

F.Yıldırım qeyd edib ki, gəncləri elm sahəsinə cəlb etmək üçün Elm və Təhsil Nazirliyi təşviqedici proqramlar hazırlamalıdır: “Düşünürəm ki, Prezidentin Fərmanı nəticəsində həyata keçiriləcək islahatlar istedadlı gənclərin elmə cəlb olunmasına töhfə verəcək. Gənclər yeni fikirlər, yeni tədqiqatlar deməkdir. Bu da bizim elmimizin və təhsilimizin dünya elminə inteqrasiyasına kömək edəcək.

Dövlətimizin başçısının imzaladığı Fərman Akademiyanın öz funksiyasına uyğun fəaliyyətinə təkan verəcək. Bütövlükdə isə, Elm və Təhsil Nazirliyinin yaradılması çox uğurlu modeldir və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində də belə nümunələr kifayət qədər var. Çünki elm və təhsilin vəhdəti daha çox nailiyyətlərə səbəb olacaq. Hesab edirəm ki, bu sahədə aparılan islahatlar Azərbaycan elminin və təhsilinin gələcəkdə dünya səviyyəsində də böyük nailiyyətlər qazanmasına yeni imkanlar yaradacaq”,-deyə Fatma Yıldırım vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.