SİYASƏT


Deputat: Prezidentin Şuşa səfəri ərazilərimizin bərpası işinin müqəddiməsi və ya yol xəritəsi də hesab edilə bilər

Bakı, 17 yanvar, AZƏRTAC

Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərimizdə Azərbaycan dövlətinin əsas prioritetlərindən biri quruculuq və yenidənqurma işlərinə start vermək oldu. Qısa zamanda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə 3 dəfə səfər etməsi özü-özlüyündə deyilənlərin sübutudur. Ayın 14-də Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşa şəhərinə səfəri xüsusi özəlliyi ilə seçilir. Bu səfər ərazilərimizin bərpası işinin müqəddiməsi və ya yol xəritəsi də hesab edilə bilər. Belə ki, Prezident İlham Əliyevin yolboyu, eləcə də Şuşa şəhərində olarkən səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir. Dövlətimizin başçısı səfər zamanı çıxışlarında tarixi faktları səsləndirməklə bərabər, yaxın gələcəkdə görüləcək işlər haqqında da ilkin məlumatlar vermiş oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Şuşaya səfərin başlanğıcında Füzuli-Şuşa avtomobil yolunun və Füzuli rayonu ərazisində beynəlxalq hava limanının təməlinin qoyulması böyük quruculuq işlərinə startın verilməsi kimi qiymətləndirilməlidir. Füzuli-Şuşa avtomobil yolu müasir standartlara cavab verən dördzolaqlı, bəzi hissələrdə isə altızolaqlı olmaqla bölgənin nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılmasında strateji əhəmiyyət daşıyacaq.

Eyni zamanda, Füzuli Beynəlxalq Hava Limanı bölgənin inkişafında xüsusi əhəmiyyətə malik olacaq. Belə demək mümkündürsə, Qarabağ zonasında hava limanının tikilməsi üçün Füzuli rayonunun seçilməsi heç də təsadüfi deyil. Füzuli Beynəlxalq Hava Limanının uçuş zolağının bu il istifadəyə verilməsi nəzərdə tutulub ki, bu da azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsi prosesində öz sözünü deyəcək.

C.Osmanov əlavə edib ki, sonrakı dönəmdə isə aeroport bölgənin inkişafı, turizm infrastrukturunun yaradılması, həm sərnişin, həm də yükdaşıma, eləcə də beynəlxalq uçuşlar üçün müstəsna əhəmiyyət kəsb edəcək. Hava limanının olması ölkəmizin müxtəlif bölgələrindən Şuşaya səyahət etmək istəyənlərin rahatlığını da təmin edəcək.

“Ümumiyyətlə, hər hansı bir regionun inkişafı üçün yol-nəqliyyat infrastrukturunun müasir tələblərə cavab verməsi çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, işğaldan azad edilən ərazilərdə ilk olaraq müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması xüsusi önəm daşıyır. Füzuli Beynəlxalq Hava Limanından başqa, daha bir beynəlxalq hava limanının inşası da nəzərdə tutulub ki, bu da ya Kəlbəcər, ya da Laçın rayonunun ərazisində olacaq. Azad olunmuş ərazilərdə ilk quruculuq işləri Şuşa şəhərini əhatə edir. Bundan sonra işlər digər rayonlarda davam etdiriləcək. Təbii ki, Şuşa şəhərinin xalqımız üçün xüsusi mənası var”, - deyən deputat bildirib ki, alınmaz qala hesab edilən şəhəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu heç bir ağır döyüş texnikasından istifadə etmədən, yüngül silahlarla, düşmənlə üz-üzə döyüşərək işğaldan azad edib. İgid hərbçilərimizin canı-qanı bahasına azad olunan Şuşanın mənəvi dəyəri indi daha böyükdür. Prezident İlham Əliyev Şuşaya səfəri zamanı üçrəngli bayrağımızı ucaltdıqdan sonra hərbçilərimizlə görüşündə də bu şəhərin xalqımız üçün daşıdığı böyük əhəmiyyətdən söz açdı, üçrəngli bayrağımızın burada bundan sonra əbədi olaraq dalğalanacağını bildirdi. Həmçinin Vətən müharibəsi günlərində Azərbaycana qarşı olan xarici təhdidlərdən bəhs edən Prezident İlham Əliyev Şuşanın azad olunmasını Azərbaycan Ordusunun parlaq Zəfəri kimi qiymətləndirdi.

Dövlətimizin başçısının Şuşaya səfəri zamanı məscidləri ziyarət etməsindən danışan deputat bildirib ki, Prezident İlham Əliyev ermənilərin bütün abidələrimizlə yanaşı, dini ibadətgahlarımız da vəhşicəsinə dağıtdıqlarını qeyd edib. Bütün bunların işğalçı Ermənistanın islamofob ölkə olmasını göstərdiyini qeyd edən Prezident İlham Əliyev bir çox xarici ölkə və beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq əməllərinə təəssüf ki, lazımınca qiymət verməməsindən bəhs edib.

Prezident İlham Əliyevin 39 il sonra eyni gündə Şuşaya səfəri və tarixi fotoları nümayiş etdirməsi, eyni zamanda, Şuşa şəhərindən olan görkəmli mədəniyyət və incəsənət xadimlərinin büstlərinin doğma şəhərlərinə qaytarılması dövlətimizin başçısının tarixi və milli-mənəvi dəyərlərimizə necə həssaslıqla yanaşmasından xəbər verir.

Deputatın sözlərinə görə, hər məsələdən əvvəl Azərbaycanın milli maraqları gəlir və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim qeyd edir ki, bütün münasibətlər Azərbaycan dövlətinin maraqlarına əsasən qurula bilər. Əks halda, heç bir ölkə ilə münasibətlərdən söhbət belə gedə bilməz, eyni zamanda, Ermənistan işğalçılıq və revanş hisslərindən əl çəkməyərək bölgədə təhlükəsizlik məsələlərinin pozulmasına cəhd edərsə, yenidən “Dəmir yumruq” öz sözünü demiş olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.