CƏMİYYƏT


Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir

Bakı, 16 may, AZƏRTAC

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etməsi, ilk növbədə, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanmasının və inkişaf etdirilməsinin, bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir. Eyni zamanda, Şuşada yeni məscidin təməlinin qoyulması, Yuxarı Gövhərağa məscidinin bərpası ölkəmizdə multikultural dəyərlərə ehtiramın təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat bildirib ki, Azərbaycanda albanşünaslığa xüsusi diqqətin mövcud olması təsadüfi deyil. Alban əlifbasının və dilinin tədrisi, Qarabağda alban xristian irsinin bərpası, eyni zamanda, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənddə kilsəni ziyarət etmələri, Azərbaycanın müxtəlif yerlərində xristian abidələrinin qorunması, bərpası bunun əyani təsdiqidir.

Azərbaycanda əsrlərdir ki, bütün dinlərə eyni yanaşma sərgilənir. Məlumdur ki, dövlət dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu da ölkəmizdə mədəni və dini irsin bərpasında xüsusi rol oynayır. Fondun bu istiqamətdə reallaşdırdığı layihələr Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Müqəddəs Məryəm Ana kilsəsi də 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanıb və bərpa işləri 2020-ci ilin noyabrında - 44 günlük müharibə zamanı başa çatdırılıb.

Ümumiyyətlə, Azərbaycanda xristian, yəhudi və digər dinlərin mədəni və dini irsinin qorunub saxlanması, bərpası ən yüksək səviyyədə təmin olunur.

K.Nurullayeva vurğulayıb ki, dövlətimizin başçısının Qəbələyə səfəri həm də regionların sosial-iqtisadi inkişafı kontekstində şərh olunmalıdır. Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbin açılması, ölkədə təhsil infrastrukturunun inkişafı, 3 mindən çox məktəbin tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, dövlətin təhsilin inkişafına diqqət və qayğısını əks etdirir.

“Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilməsi isə ölkəmizin yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasını nəzərdə tutan dövlət proqramının tərkib hissəsidir”, - deyə deputat qeyd edib.

Bildirilib ki, Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı da mühüm vacib infrastruktur layihəsidir. Dəmir yollarının müasirləşdirilməsi ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, sosial sahənin inkişafına da müsbət təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.