SİYASƏT


Deputat: Qonşulara qarşı ərazi iddiaları və təcavüz prinsiplərinə əsaslanaraq dövlət qurmaq cəhdinin heç vaxt perspektivi olmayıb

Deputat: Qonşulara qarşı ərazi iddiaları və təcavüz prinsiplərinə əsaslanaraq dövlət qurmaq cəhdinin heç vaxt perspektivi olmayıb

Bakı, 26 noyabr, AZƏRTAC

Ermənistanın hökumət nümayəndələri öz siyasi mədəniyyətinə xas şəkildə ağa qara dedikləri kimi üçtərəfli Bəyanat mövzusunda da tez-tez əsas məsələni kənarda qoyub, uyğunsuz bəyanatlar səsləndirirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Nigar Arpadarainin “Zəngəzur dəhlizi reallaşacaq” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Əslində isə hər şey çox sadədir. Bəyanatın 9-cu bənddə deyilir: “... Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir”.

“Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti” sözləri Laçın dəhlizi ilə bağlı bənddəki müvafiq ifadəyə tam uyğundur.

“Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Bunun isə çox sadə anlamı var – Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında əlaqə Xankəndi ilə Ermənistan arasında olduğu kimi eyni rejimlə təşkil olunur.

Eyni zamanda fərqi də qeyd etmək lazımdır:

– Laçın dəhlizinin cari qüvvədəolma müddəti göstərilsə də (Laçın şəhərindən yan keçməklə yeni nəqliyyat marşrutunun çəkilməsinədək üç il), Naxçıvanla əlaqənin qurulacağı tarixlə bağlı heç bir məlumat göstərilmir ki, bu da bu rejimin daimi xarakterini göstərir.

– həmçinin Laçın dəhlizinin müddəti də tərəflərin razılığı ilə Sülhməramlıların mandatının müddəti ilə, yəni 5 illə məhdudlaşdırılır.

Yuxarıda qeyd olunan fərqlərin aydın səbəbləri var. Azərbaycan ərazisindən keçən Laçın dəhlizi humanitar və texniki xarakter daşıyır və onun taleyi birbaşa Bəyanatın qalan müddəalarının həyata keçirilməsi prosesi ilə, məsələn, bütün qaçqınların (məsələn, Xocalı və digər ərazilərdən olan) geri qayıtması, habelə sülh sazişinin imzalanması ilə bağlıdır. Yəni dəhlizin müddəti ona olan ehtiyacın aradan qalxacağı zamanadəkdir.

Naxçıvana olan dəhlizin daimi xarakteri isə coğrafi reallıq və Ermənistanın ucbatından 30 illik blokadada qalan Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında daimi və təhlükəsiz əlaqənin zəruriliyi ilə müəyyən edilir.

“Zəngəzur dəhlizi” termini Üçtərəfli Bəyanatın mətnində ona görə istifadə edilmir ki, imzalanma zamanı onun coğrafi istinadları hələ müəyyən edilməmişdi. Erməni siyasətçilərinin bu faktdan istifadə edərək dəhliz konsepsiyasını şübhə altına almaq cəhdləri özlərinə ziyan vurur.

Tutaq ki, “Zəngəzur dəhlizi” yoxdur. Belə olan halda Ermənistan Azərbaycana başqa coğrafiyadan dəhliz təqdim etməlidir. Zəngəzur Naxçıvanla ən qısa və ənənəvi əlaqə yoludur. İstənilən digər marşrut daha uzun məsafə təşkil edəcək, bu isə o deməkdir ki, Ermənistanın daha böyük hissəsi xüsusi təhlükəsizlik şəraiti ilə dəhliz rejimində olmalıdır. Məsələn, dəhlizin Qazax-İrəvan-Naxçıvan xətti üzrə yerləşməsi və bu xətt boyunca Ermənistan paytaxtının küçələrində rus sərhədçilərinin yerləşdirilməsi ilə razılaşan Ermənistanı təsəvvür etmək mənim üçün çətindir. Amma bu, məhz Zəngəzur dəhlizi məsələnin həllinin nadir alternativlərindən biridir.

Erməni siyasətçilərinin digər arqumenti isə 9-cu bənddə belə bir ifadənin yer alması ilə bağlıdır:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir”. Ermənilərin anlayışına görə mətndəki bu ifadə o anlama gəlir ki, Ermənistanın Naxçıvana dəhliz üzrə öhdəlikləri ləğv edilir, çünki o, digər məsələlərlə yanaşı, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasındakı əlaqəni də əhatə edir. Lakin bu məntiqə əsaslansaq, bu ifadə həm də Azərbaycanı Laçın dəhlizinin təmin edilməsi ilə bağlı öhdəliklərindən azad edir. Lakin təbii ki, rejimlərin fərqli təbiətə sahib olduğuna görə bizim tərəfdən bu məsələyə belə baxılmır.

Yaxşı olardı ki, erməni tərəfi Ermənistan respublikasının dövlət kimi formalaşması prosesində yol verilən sistemli səhvlərin nəticəsi olaraq düşdüyü hazırkı kritik vəziyyət haqqında düşünsün. Qonşulara qarşı ərazi iddiaları və təcavüz prinsiplərinə əsaslanaraq dövlət qurmaq cəhdinin heç vaxt perspektivi olmayıb. Ermənistan liderləri 30 ilə yaxın mövcud olan illüziyadan oyanaraq öz xalqlarının inkişafı üçün yeni yol tapmalıdırlar. Azərbaycanla real sülh isə bu yolda ən vacib və ən təxirəsalınmaz addımlardan biridir. Ermənistan tələsməlidir, Azərbaycanın isə kifayət qədər zamanı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.