SİYASƏT
Deputat: Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinin dəfələrlə şahidi olmuşuq
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan bütün istiqamətlərdə, o cümlədən beynəlxalq siyasi arenada da xarici siyasətini uğurla davam etdirir. Qoşulmama Hərəkatındakı fəaliyyəti, həmçinin quruma sədrliyi çərçivəsində gördüyü işlər ölkəmizin nüfuzunu dünya miqyasında daha da artırıb. Qurumun XVIII Zirvə görüşünün Bakıda uğurla təşkil olunması, üzv ölkələrinin qanuni mənafelərinin layiqincə müdafiəsi, pandemiyaya qarşı birgə mübarizə üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etməsi ölkəmizin sədr kimi öz üzərinə düşən işləri layiqincə yerinə yetirdiyini göstərir. Bu uğurların təməlində Prezident İlham Əliyevin diplomatik bacarığı, effektli xarici siyasəti və şəxsi nüfuzu dayanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev deyib.
Deputat qeyd edib: “Prezident İlham Əliyevin dediyi kimi, Qoşulmama Hərəkatında təmsil olunmaq ölkəmizin mənafeyinə tam uyğundur. Əsasən təşkilatın əsas prinsipləri sayılan “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətində prioritet təşkil edir. Dövlətimizin başçısı həmişə beynəlxalq tribunalardan ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət olunmasının vacibliyini bəyan edib. Azərbaycan sədr kimi də bu prinsipləri əsas hesab edərək beynəlxalq miqyasda mövqeyini ortaya qoyur”.
Prezident İlham Əliyevin iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışının iştirakçı dövlətlər tərəfindən maraqla qarşılandığını vurğulayan S.Möhbalıyev bildirib: “Dövlətimizin başçısı Azərbaycanın quruma sədrlik etdiyi ötən dövr ərzində görülən işlər barədə ətraflı məlumat verdi. Azərbaycanın pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü olaraq maliyyə vəsaiti verməsi ölkəmizin humanist xarakterindən xəbər verir. Dövlət başçımız dəfələrlə koronavirusa qarşı peyvəndin ədalətli bölüşdürülməsi məsələsini qaldırıb və bütün platformalarda, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində bunu bəyan edib. Qurumun sonuncu iclasında da Prezident İlham Əliyev bu məsələyə toxundu və bildirdi ki, Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayır. Qeyd edim ki, Azərbaycan peyvəndi alıb öz ölkəsində tətbiq edən ilk ölkələrdən biri oldu. Ən vacib məqam isə ölkəmizdə vaksinasiya prosesinin ödənişsiz həyata keçirilməsidir. Bu, dövlətimizin vətəndaşlarına olan diqqət və qayğısının əlamətidir”.
Prezident İlham Əliyevin çıxışında artıq tarixədsa qovuşmuş Dağlıq Qarabağ münaqişəsindən bəhs etməsinin, həqiqətləri iştirakçıların diqqətinə çatdırmasının Azərbaycanın haqq işinin daha bir nümayişi olduğunu vurğulayan deputat vurğulayıb: “Dövlətimizin başçısı diqqətə çatdırdı ki, 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını həyata keçirib. Biz müharibə vaxtı və ondan sonrakı dövrdə Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinin dəfələrlə şahidi olmuşuq. Prezident İlham Əliyev də bu münasibəti həmişə yüksək qiymətləndirib. Qoşulmama Hərəkatı tərəfindən Bakı Zirvə görüşünün Yekun Sənədində Azərbaycanın ərazi bütövlüyünün bir daha təsdiqlənməsi, Tovuz döyüşləri zamanı qəbul edilmiş kommünike, Vətən müharibəsi zamanı xüsusi bəyanatın qəbul olunması və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyin ifadə edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin Azərbaycan əleyhinə qərəzli bəyanat qəbul etdirmək cəhdlərinin qarşısının alınması Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin uğurlu diplomatik fəaliyyətinin və Azərbaycanın ədalətli mövqeyinin nəticəsidir”.