SİYASƏT


Deputat: Qubadlının işğaldan azad olunması Ordumuzun irəliləməsi üçün bir çox maneələri aradan qaldırdı

Bakı, 28 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri artıq ənənə xarakteri alıb. Bu ənənə Azərbaycan cəmiyyətinin düşüncə mühitinə xeyli yeniliklər əlavə edir. Bu yenilik ondan ibarətdir ki, ilk növbədə, Prezident İlham Əliyev yerli sakinlərlə görüşərək illər boyu ümidsiz vəziyyətdə qalmış insanların birlikdə bu prosesi izləməsinə və məsələləri müzakirə etmələrinə şərait yaradır. Prezident İlham Əliyev bölgənin gələcəyi ilə bağlı hansı layihələrin olduğu və gerçəkləşməsində də insanların hansı rol ala biləcəkləri mövzusunda onlarla dialoqa girir. Bu, olduqca önəmli davranışdır. Çünki orada yaşayacaq insanların rəylərinin alınması olduqca vacibdir. Digər tərəfdən, yaradılan səmimi mühitdə onlarla şəkil çəkdirmək, söhbətlər aparmaq Azərbaycan cəmiyyətində səmimiyyət göstəricisi kimi anlaşılır. Həm Prezident İlham Əliyevin, həm də birinci xanım Mehriban Əliyevanın ictimaiyyət nümayəndələri ilə şəkil çəkdirməsi, səmimiyyəti cəmiyyətdə xoş əhval-ruhiyə yaradır.

Bunu AZƏRTAC-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib

Qubadlının Baş planı haqqında danışan deputat bildirib: “Bölgənin gələcəkdə dizayn olunması, Qubadlının Baş planının hazırlanması, strateji əhəmiyyəti ilə bağlı söhbətlər bütövlükdə bu bölgədə insanların məskunlaşmasının stimullaşması baxımından olduqca əhəmiyyətlidir. Qubadlı çox böyük tarixi, həmçinin strateji əhəmiyyətə malikdir. Çünki Qubadlının işğaldan azad olunması Laçına gedən yolun açılması, həmçinin maneənin aradan qaldırılması demək idi. Diqqət etsək, Qubadlının götürülməsindən sonrakı dövrdə Şuşanın da azad edilməsi asanlaşdı. Eyni zamanda, bu strateji mövqelərin ələ keçirilməsi ermənilərin kapitulyasiyaya imza atması ilə digər 3 rayonun da boşaldılmasına da böyük təsir göstərdi. Qubadlının dağlıq relyefi buranın həm də təbii sərvətlərlə zəngin ərazi olduğunu göstərir. Ona görə də bu ərazidə gələcəkdə Azərbaycanın müəyyən yataqlarının istismar olunması çərçivəsində iş yerlərinin açılması nəzərdə tutulur. Qubadlıda “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrindən əlavə, həm də dağ-mədən relyefinə uyğun olaraq məşğulluğun təmin edilməsi barədə düşünmək olar”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Qubadlıda insanlara, xüsusilə də şəhid ailələrinə olan münasibətini fərqli formada - qabarıq şəkildə göstərməsi də dövlətimizin başçısının vətəndaşların dəyərini təbliğ etdiyini göstərir. Qubadlıda Şükür Həmidov haqqında atası ilə qısa dialoqunda söylədikləri onu göstərir ki, Prezident İlham Əliyev şəhid ailələrinə ayrıca önəm verir, həm də bu insanların xatirəsinin unudulmadığını dəfələrlə vurğulamağı özünə borc bilir. Bu kateqoriyadan olan insanlara cəmiyyətin digər üzvlərinin də xüsusi həssaslıqla yanaşmasını vacib sayır. Burada Şuşanın azad edilməsi ilə bərabər strateji əməliyyatların daha uğurlu aparılması üçün təkan verdi. Məsələn, məhz Qubadlının strateji ərazi kimi azad edilməsinin bizim üçün necə böyük dəyərə malik olduğunu söyləmək mümkündür. Biz, ilk növbədə, Qubadlıdan keçərək Laçın dəhlizini nəzarətə götürdük. Laçın dəhlizi Şuşaya gedən yolun üzərində olduğu üçün ermənilərin təminat yollarının bağlanması bizim xeyrimizə idi və düşmənin əl-qolunu bağlayırdı. Həqiqətən, elə də oldu. Şuşa azad ediləndən sonra ermənilər təslim oldular.

“Qubadlıda Prezident İlham Əliyevin tələbələrlə də görüşü maraqlı anlarla yadda qaldı. Xüsusilə Bakı Ali Neft Məktəbinin tələbələri ilə səmimi dialoqu cəmiyyətdə xoş təəssüratla qarşılandı. Prezident İlham Əliyevin onlarla da ayrıca şəkil çəkdirməsi, söhbətləşməsi gənc nəslə nə qədər əhəmiyyət verdiyinin göstəricisidir.

Bütövlükdə bölgənin yenidən qurulması istiqamətində insanların rəyinin alınması çox vacibdir. Prezident İlham Əliyev Qubadlıda olarkən sakinlərlə söhbətlərində onların fikirlərinin nəzərə alınması, diqqətdə saxlanılması dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür.

Bütövlükdə Qubadlının işğaldan azad olunması Azərbaycan tarixində müharibənin gedişində ən əhəmiyyətli dönüş nöqtələrindən biridir. Məhz bu hadisədən sonra Azərbaycan əsgəri digər hədəfləri daha rahatlıqla bir-bir ələ keçirməyə başlamışdı. Ona görə Qubadlının işğaldan azad olunmasının ildönümündə Prezident İlham Əliyev məhz əraziyə səfər etməsi, yorulmadan hər bir qəsəbənin, hər bir şəhərin işğaldan azad olunması gününü xüsusi təntənə ilə qeyd etməsi bu Qələbənin nə qədər əhəmiyyətli olduğunu Azərbaycan cəmiyyətinə bir daha çatdırmaqdır. Bu, həm də cəmiyyətə müsbət mesajlar verir”, - deyə deputat əlavə edib.

Fazil Mustafa son olaraq bildirib ki, İkinci Dünya müharibəsi bitəndən sonra “Marşal Planı” olmasaydı, Avropanın dirçəlişi mümkün olmazdı. ABŞ tərəfindən külli miqdarda maliyyə dəstəyi verildi və Avropada dağıdılmış şəhərlər bərpa olundu.

Azərbaycan həm də tarixdə elə bir ölkə kimi qalacaq ki, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış torpaqları öz gücü ilə, öz imkanları hesabına bərpa edib. Ona görə də Prezident İlham Əliyev Qubadlıdakı görüşündə bu ərazinin cənnətə çevriləcəyini və yenidən vətəndaşlar üçün yaşanıla bilən ən gözəl bir məntəqə olacağını bir daha xatırlatdı. İnsanların da bu mövzuda inamı kifayət qədər böyükdür. Çünki hamı dövlətimizin başçısının apardığı bu kursu dəstəkləməyə hazır olduğunu bildirir. Çünki bu, ümummilli mübarizədir. Müharibədə Qələbə qazanmaq necə ümummilli hədəfimiz idisə, quruculuğu uğurla başa çatdırmaq da milli hədəf kimi qarşımızda dayanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.