İQTİSADİYYAT
Deputat: Qubadlının təbii ehtiyatları sənayenin inkişafı üçün yeni imkanlar yaradır
Bakı, 25 oktyabr, AZƏRTAC
Qubadlı rayonunda təbii ehtiyatların çox olması sənayenin inkişafı üçün yeni imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, bir il öncə Müzəffər Ali Baş Komandan xalqa müraciəti zamanı Qubadlı şəhəri və rayonun 7 kəndinin, Zəngilan və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin işğaldan azad olunduğunu bildirmişdi.
V.Bayramov söyləyib ki, Qubadlı rayonu 1993-cü il erməni işğalınadək 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsinə malik olub. 27 illik işğal müddətində rayon ermənilər tərəfindən xarabalığa çevrilib, əmlakı məhv edilib və talanıb. 13,2 min hektar meşə sahəsi də işğal müddətində ermənilər tərəfindən ekoloji soyqırımına məruz qalıb.
“İşğaldan azad olunan digər rayonlarımız kimi, Qubadlı rayonu da böyük iqtisadi potensiala malikdir. İşğala qədər Qubadlı rayonunda əsasən kənd təsərrüfatı inkişaf edib. Rayonda taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük üstünlük təşkil edirdi. Belə ki, Qubadlı rayonunda ildə 15 min tona yaxın taxıl məhsulları, 12 min tonadək yem, orta hesabla 2 min ton tütün, 3 min ton üzüm, 1,2 min tonadək ət və 2 min tona qədər süd məhsulları istehsal olunurdu. Qubadlı rayonunda təbii ehtiyatların həcminin çox olması sənayenin inkişafı üçün yeni imkanlar yaradır. Bu baxımdan, yenidən qurulacaq Qubadlı rayonunda sənaye məhsullarının da istehsal olunacağı gözlənilir. Şərqi Zəngəzurun digər rayonları kimi, Qubadlının da turizm potensialı kifayət qədər yüksək qiymətləndirilir. Xüsusən də yay, qış və sağlamlıq üzrə turizm imkanları böyükdür. İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Həyat və gülüşün Şərqi Zəngəzurun bu hissəsinə qayıdacağı gün də uzaqda deyil”, - deyə deputat diqqətə çatdırıb.