SİYASƏT


Deputat Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin sədrinə Ermənistanın minaladığı ərazilərin xəritəsini verməməsi ilə bağlı sual ünvanlayıb

Strasburq, 20 aprel, AZƏRTAC

Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri 2020-ci ilin sonlarında azad edildikdən sonra həll olunmamış təhlükəli məsələ genişmiqyaslı humanitar fəlakət vəd edir və gələcək ikitərəfli əməkdaşlığın formalaşmasına ciddi mane olur. Beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan minaladığı ərazilərin xəritələrini təhvil verməkdən imtina edir və bu, 1 milyona yaxın məcburi köçkünün öz daimi yaşayış yerlərinə qayıtmasına, eləcə də xarabalığa çevrilmiş ərazilərin bərpasının başlanmasına imkan vermir. Bütün bunları nəzərə alaraq, Nazirlər Komitəsindən soruşuruq: “İnsan haqları problemi və Avropa Şurasının üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi xəttinə birbaşa aidiyyəti olan həmin məsələnin ən qısa zamanda həlli üçün hansı effektiv təsir mexanizmlərindən istifadə edə bilərsiniz?”.

AZƏRTAC xəbər verir ki, bu sual AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin sədrinə yazılı şəkildə ünvanlanıb. Sual və onun cavabı ingilis və fransız dillərində qurumun üzvləri arasında yayılıb.

“Nazirlər Komitəsi 47 üzv ölkədən olan deputatların qaldırdığı məsələlərin həllinə səlahiyyətləri çərçivəsində kömək göstərməyə çalışır. Lakin münaqişənin tənzimlənməsi ilə bağlı məsələlər bilavasitə Minsk qrupu ilə bağlıdır”, - deyə Komitə suala cavabda bildirib.

Vurğulanıb ki, Nazirlər Komitəsi bölgədəki ərazilərin minalardan təmizlənməsi üçün zəruri məlumatların təqdim edilməsi tələbi də daxil olmaqla, münaqişənin bütün dramatik nəticələrinin tezliklə aradan qaldırılmasının tərəfdarıdır.

Qeyd edək ki, Azərbaycan həqiqətlərinin Avropaya və dünyaya çatdırılması, Ermənistanın işğalçı siyasətinin müxtəlif aspektlərinin, bədnam qonşuların zəbt olunmuş ərazilərdə illər boyu törətdiyi cinayətlərin ifşa edilməsi istiqamətində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri bütün imkanlardan istifadə edirlər. Avropa Şurası çərçivəsində Ermənistanın işğalçı mahiyyətini açan hər təşəbbüs, qurumun rəsmi sənədində minalanmış ərazilər problemi və Ermənistanın bu məsələnin həllinə maneə olmasını qurumun üzvlərinə çatdırmaq böyük əhəmiyyət daşıyır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.