SİYASƏT


Deputat: Rize-Artvin Hava Limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu

Bakı, 16 may, AZƏRTAC

Türkiyə-Azərbaycan əlaqələri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi strateji siyasət sayəsində hər iki qardaş xalqın maraqları kontekstində davamlı inkişaf edir. Qara dənizin üzərində inşa edilən nəhəng layihənin - Rize-Artvin Hava Limanının açılış mərasimində də iki qardaş ölkənin prezidentlərinin birgə iştirakı həm ölkələrimiz arasında olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin göstəricisi, həm də ön Asiyadan Qafqazlar və Orta Asiyaya qədər uzanan böyük etnosiyasi coğrafiyada nəqliyyat kommunikasiya xətlərinin yaradılması baxımından olduqca əhəmiyyətli hadisədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə-Azərbaycan tandemi iqtisadi-siyasi və mədəni-humanitar sahədə geniş geostrateji rayonda təyinedici amildir. Açılan hər yeni hava limanı, yaradılan hər müəssisə regional inkişaf və inteqrasiyaya xidmət edir. Bir müddət öncə işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi iki qardaş ölkənin tarixi-təbii müttəfiqliyinin bütün sahələrdə inkişaf etdirilməsi əzminin göstəricisi idi.

Deputat qeyd edib ki, 2021-ci il iyunun 15–də imzalanan Şuşa Bəyannaməsi iki hərbi-strateji kontekstə Türkiyə-Azərbaycan münasibətlərinin dövlətçilik tarixində mühüm bir hadisə idi. Bu Bəyannamə bir millət iki dövlət anlayışının real dövlətlərarası münasibətlərdə rəsmiləşdirilməsi kimi də qəbul edilə bilər. Eyni zamanda, Şuşa Bəyannaməsi hazırkı mürəkkəb tarixi mərhələdə hər şeydən öncə milli təhlükəsizliyimiz baxımından strateji çağırış idi. Yeni açılan Rizə-Artvin Hava Limanı Türkiyə ilə Azərbaycan arasında məsafəni bir qədər daha qısaltmış oldu. İki ölkəni məsafə baxımından daha da yaxınlaşdırdı. Rizə-Artvin Hava Limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu. Bu isə həm ticarətin asanlaşdırılması və yüklərin daha qısa müddətdə çatdırılması, həm də turizm mübadiləsi və mədəni əlaqələrin daha da dərinləşməsi baxımından yeni imkanlar və perspektivlər deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.