SİYASƏT


Deputat Sevinc Fətəliyeva Şanxay Əməkdaşlıq Təşkilatının videokonfransında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Bakı, 24 oktyabr, AZƏRTAC

Hazırda beynəlxalq təhlükəsizliyə qarşı ən böyük çağırış planetin ayrı-ayrı yerlərində sabitliyi pozan regional münaqişələrdir. Azərbaycan 30 ilə yaxındır ki, bütün dünyaya və Cənubi Qafqaz regionuna daimi təhdid yaradan erməni işğalı ilə üz-üzədir. Ermənistan qoşunlarının Azərbaycana qarşı davamlı təxribatları son nəticədə münaqişənin açıq silahlı toqquşmalar şəkli alması ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Şanxay Əməkdaşlıq Təşkilatının “İnsanlar üçün iqtisadiyyat” mövzusunda videokonfrans formatında keçirilən beynəlxalq partiyalararası forumda çıxışı zamanı deyib.

Forumda “Qlobal sabitlik, ortaq təhlükəsizlik maraqları naminə və müstəqil dövlətlərin suveren işlərinə müdaxiləyə qarşı tərəfdaşlıq” mövzusunda çıxış edən Sevinc Fətəliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi barədə məlumat verib. O bildirib ki, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində yaranan status-kvo, regional siyasətdə əsl rudimentə çevrilib. Azərbaycan tərəfinin bu vəziyyəti qəbul etməməsinə və status-kvonun uzun müddət saxlanması ilə bağlı ATƏT-in Minsk qrupunun narahatlığına rəğmən Ermənistan tərəfi ümumilikdə danışıqlar prosesinin səmərəliliyini sual altına qoyurdu. Ermənistan işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən və sülh prosesinin həyata keçirilməsi üçün şərait yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində nəzərdə tutulan tələblərə qarşı etinasız yanaşmaqda davam edirdi.

Hərbi-siyasi baxımdan vəziyyət ildən-ilə daha da kəskinləşirdi. Vəziyyətin ilk ciddi kəskinləşməsi 2016-cı ilin aprel ayında baş verdi. Həmin vaxt Ermənistan tərəfinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu cəbhə xəttində əks-hücuma keçərək 2 min hektar ərazimizi düşmən tapdağından azad etməyə nail oldu. Bir faktı etiraf etmək lazımdır ki, məhz Aprel döyüşlərindən sonra danışıqlar prosesi əhəmiyyətli dərəcədə aktivləşdi. ATƏT-in Minsk qrupunun, xüsusilə də, Rusiya tərəfinin fəal iştirakı ilə Vyana və Sankt-Peterburqda danışıqlar keçirildi, münaqişənin həlli ilə bağlı yeni yanaşmalar işlənib hazırlandı. Lakin Ermənistan tərəfinin mövcud vəziyyəti dəyişmək istəməməsi səbəbindən danışıqlar prosesindəki tərəqqi meyilləri yenə də nəticəsiz qaldı. Destruktiv proseslər və xarici qüvvələrin müdaxiləsi nəticəsində Ermənistanda N.Paşinyanın başçılıq etdiyi hazırki hökumətin hakimiyyətə gəlməsi təkcə Dağlıq Qarabağ münaqişəsi zonasında deyil, bütün Cənubi Qafqaz regionunda sabitliyə təhdid yaratmış oldu. Ermənistanın özündə böhran təzahürlərinin artması münaqişə zonasındakı vəziyyətə də mənfi təsir göstərmiş olurdu.

Deputat vurğulayıb ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı rəsmi Yerevanın heç bir halda Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyəcəyi ilə bağlı siqnal oldu. Son zamanlar Ermənistanın populist hakimiyyəti mövcud mürəkkəb daxili siyasi və iqtisadi vəziyyət şəraitində dəfələrlə sərhəddə və cəbhə xəttində təxribatlara əl atmaqla öz ictimaiyyətinin diqqətini daxili siyasi proseslərdən yayındırmağa çalışırdı.

S.Fətəliyeva qeyd edib ki, 2020-ci il sentyabrın 27-də hərbi-siyasi müstəvidə vəziyyət ən son həddinə çatmış oldu: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutmasına cavab olaraq, Azərbaycan tərəfi əks-hücum əməliyyatlarına başladı. Lakin mövcud gərgin vəziyyətdə belə Azərbaycan tərəfi Rusiya Prezidenti Vladimir Putinin şəxsi təşəbbüsünə cavab olaraq Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların aparılması məqsədilə nazir Ceyhun Bayramovun Moskva görüşündə iştirakını təmin etdi. On saatlıq danışıqlardan sonra böyük çətinliklə birgə bəyanatın mətni razılaşdırıldı və humanitar atəşkəs barədə bəyannamə qəbul edildi. Lakin bundan bir neçə saat sonra Ermənistan hərbi əməliyyatlar zonasından onlarla kilometr uzaqlıqda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin yaşayış məntəqələrinə raket zərbəsi endirməklə razılaşmanı kobudcasına pozmuş oldu. Nəticədə dinc sakinlər həlak oldu, yüzlərlə insan yaralandı. Müvəqqəti atəşkəs haqqında təkrar razılaşmadan sonra Ermənistan tərəfi yenə də hərbi hədəflərin olmadığı Gəncəyə zərbə endirdi və bu zərbə Ermənistanın öz ərazisindən kaset başlıqlı SCUD ballistik raket sistemi ilə endirildi. Bu isə “Kaset sursatlar haqqında” Konvensiyanın kobudcasına pozulması idi. Bununla da Ermənistan tərəfi Azərbaycanı cavab zərbələri endirməyə təhrik etməklə Rusiyanın sülhməramlı səylərini pozmağa çalışır. N.Paşinyan münaqişənin həlli ilə bağlı diplomatik səylərin davam etdirilməsinin bir məna kəsb etməməsi ilə bağlı bəyanat səsləndirməklə sülh yolu ilə gələcək həll imkanlarını təhlükə altına atmış oldu. Bu şəraitdə ümid edirik ki, düşüncəli yanaşma və Minsk qrupunun səyləri, yeni qurbanların olmaması üçün Ermənistan tərəfini beynəlxalq hüququn tələblərini yerinə yetirərək işğal edilmiş əraziləri tərk etməklə bağlı yeganə düzgün qərarı qəbul etməyə məcbur edəcəkdir”.

YAP-ın şöbə müdiri söyləyib ki, regiondakı destruktiv proseslər və kənar qüvvələrin ölkələrin suveren işlərinə müdaxiləsi ilə mübarizədə Azərbaycanın digər vacib addımları haqqında danışarkən rəsmi Bakının terrorizm və ekstremizmlə mübarizədəki səylərini də qeyd etmək lazımdır: “Bu isə hər şeydən əvvəl Dağlıq Qarabağda Azərbaycan tərəfində vuruşan silahlılar haqqında versiyaları tamamilə əsassız edir. Hələ 2014-cü ilin mart ayında “Terrorizmlə mübarizə haqqında” Qanun sərtləşdirilib. Ümumilikdə Azərbaycan terrorizmə qarşı mübarizə ilə bağlı 15-dən çox beynəlxalq konvensiyaya qoşulub.

Bütün bunlar Azərbaycanda terrorizmlə mübarizə strategiyasını effektiv şəkildə həyata keçirməyə imkan verib. Azərbaycan Rusiya və digər ölkələrlə də müvafiq istiqamətdə əməkdaşlığa müstəsna əhəmiyyət verir, çünki məhz bu cür əməkdaşlıq ekstremizm və terrorizmlə effektiv mübarizə aparmağa, bu şərin yaxın gələcəkdə kökündən kəsilməsinə ümid etməyə imkan verir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.