SİYASƏT


Deputat: Soçi görüşü Azərbaycan Prezidentinin qarşıya qoyduğu bütün məsələlərin həllini tapdığını göstərir

Bakı, 27 noyabr, AZƏRTAC

Soçi görüşünü və ictimaiyyətə elan olunan Bəyanatı faydalı və məhsuldar hesab etmək olar. Bu görüş və Bəyanat Azərbaycan Prezidentinin qarşıya qoyduğu bütün məsələlərin öz həllini tapdığını göstərir. İlk növbədə, Bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi məhz Azərbaycan Prezidentinin dediyi kimi, artıq belə bir məfhumun olmadığını göstərir. Sənəddə Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi məsələlərin öz əksini tapması Prezident İlham Əliyevin mövqeyinin tamamilə Bəyanatda və görüşdə üstün və doğru olduğunu ifadə edir. Digər tərəfdən Azərbaycanın qaldırdığı və Prezident İlham Əliyevin irəli sürdüyü bütün məsələlər demək olar ki, bu görüşdə öz həllini tapmış oldu.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin istər dəmir yolu, istər avtomobil nəqliyyatı xəttinin işə düşməsi ilə bağlı proseslərə başlanılması, heç bir şərt qoyulmadan sərhədlərin delimitasiyası və demarkasiyası işinə başlanılması üçün komissiyanın yaradılması barədə razılığa gəlinməsi, Rusiyanın burada məşvərətçi rolda çıxış etməsi, eyni zamanda, Rusiya və Azərbaycan münasibətlərinin də yüksək səviyyəsinin göstəricisidir.

“Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən ikitərəfli görüşün də böyük əhəmiyyəti var. Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər istər humanitar, istərsə də siyasi və iqtisadi sahədə yüksək səviyyədədir. Eyni zamanda, üçtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi əsirlər və digər humanitar məsələlərin Bəyanatda ümumiyyətlə adının çəkilməməsi də onu göstərir ki, sənəd tamamilə Azərbaycan tərəfinin istəyinə uyğun hazırlanıb. Proseslər də bu istiqamətdə gedəcəkdir. Heç şübhəsiz ki, bundan sonrakı görüşlər də Azərbaycanın irəli sürdüyü məsələlərin həlli ilə davam edəcək. Çünki Azərbaycanın qarşıya qoyduğu məsələlər həm beynəlxalq hüquq normalarına, həm ədalətə, həm də ikitərəfli münasibətlərin tənzimlənməsi və əməkdaşlığın başlanmasına xidmət edən məsələlərdir. İstənilən halda bu görüş və Bəyanat olduqca faydalıdır. Azərbaycan-Ermənistan konfliktinin sona yetməsi, böyük sülhə doğru daha bir addım atılması bölgədə davamlı sülhün, əmin-amanlığın və əməkdaşlığın başlanması üçün mühüm bir mərhələ olacaqdır”, - deyə Musa Quliyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.