SİYASƏT


Deputat: Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir

Bakı, 29 noyabr, AZƏRTAC

Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli görüş bir daha Azərbaycanın qələbəsinin, Ermənistanın isə məğlub dövlət kimi bundan sonra da Bəyanatda nəzərdə tutulan müddəalardan yayına bilməyəcəyinin təsdiqi oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

O bildirib ki, istər ikitərəfli, istər üçtərəfli görüşdə, istərsə də görüşün sonunda imzalanan Bəyanatda bir daha 10 noyabr və 11 yanvar razılaşmalarının bütün bəndlərinin icra olunmasının, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanılması üçün birgə komissiyanın yaradılması, nəqliyyat-logistika şəbəkəsinin açılması, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyi kimi məsələlər xüsusi yer aldı. Başqa sözlə desək, Soçi görüşündə imzalanan Bəyanat prinsip etibarı ilə 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamıdır.

“Prezident İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı. Dövlətimizin başçısı çıxışında sərhədlərlə bağlı məsələyə də toxunaraq bildirdi ki, Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Biz Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, sülh müqaviləsi üzərində işə başlamağı təklif etmişik. Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında Prezident İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışdı. Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir.

Dövlətimizin başçısı dəfələrlə bəyan etdi ki, biz Zəngəzur dəhlizini açacağıq - istər danışıqlarla, istərsə güc yolu ilə. Bu il noyabrın 16-da Ermənistanın təxribatına verilən layiqli cavab və Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər Zəngəzur dəhlizinin artıq bir reallıq olduğunu göstərir”, - deyə A.Məmmədov vurğulayıb.

Deputat Soçi görüşünün nəticəsi kimi ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacağını bildirib: “Şübhəsiz ki, bu, Azərbaycanın böyük siyasi uğurudur. Xüsusilə, qəbul olunan Bəyanatda Rusiya Prezidentinin dəfələrlə “dəhliz” ifadəsini işlətməsi, “Qarabağ” ifadəsinə yer verilməməsi, Ermənistan tərəfinin hər zaman iddia etdiyi əsirlər və ya girovlar məsələsinə toxunulmaması, sərhədlərin delimitasiya və demarkasiyasına çağırışlar edilməsi, bütövlükdə müzakirə olunan məsələlər Azərbaycanın mövqeyini tam əks etdirir.

Təbii ki qazanılmış bu uğur rəsmi Bakı və Moskva münasibətlərinin konstruktiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulmuş ikitərəfli əlaqələrin strateji əsası qismində çıxış edir. Bütün bunlar Rusiya-Azərbaycan münasibətlərinin dinamik, davamlı inkişafa malik olduğunu göstərir. Bəzi ermənipərəst qüvvələr isə tərəflər arasındakı regional sabitlik, təhlükəsizlik və inkişafa xidmət edən münasibətlərin pozulmasında maraqlıdırlar. Amma əminliklə söyləmək olar ki, Rusiya-Azərbaycan münasibətlərinin pozulmasında maraqlı olan qüvvələrin cəhdləri iflasa məhkumdur, bura təbii ki, Nikol Paşinyan tərəfindən atılan düşünülməmiş addımlar da daxildir”.

A.Məmmədov vurğulayıb ki, bütövlükdə Soçidə keçirilən üçtərəfli görüşün nəticələri Azərbaycan üçün müsbət və əhəmiyyətlidir. Yeni Bəyanatda da məhz Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Belə ki, Bəyanata əsasən tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmaq və dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə şərtləşdilər. Eyni zamanda, tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş üçtərəfli işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirdilər və regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladılar.

“Soçi görüşü tamamilə fərqli mənzərəni nümayiş etdirdi. Bu görüş 10 noyabr Bəyanatının imzalanmasından ötən bir ilin yekunu kimi də dəyərləndirilə bilər. Ümumilikdə Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir. Azərbaycanın güclənən mövqeyi görüşdə imzalanan Bəyanatın müddəalarında öz əksini tapıb. Bütün bunlar göstərir ki, rəsmi Bakı Soçi görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu. Bu qələbədə 2021-ci il noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsi böyük rol oynadı”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.