SİYASƏT


Deputat: Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə əlaqələrini daha da dərinləşdirmək üçün mühüm yol xəritəsidir

Bakı, 17 iyun, AZƏRTAC

Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi diqqət çəkir. Şübhəsiz ki, tarixə əsaslanan bu mühüm sənədin imzalanması ilə Azərbaycan və Türkiyə arasında siyasi, sosial-iqtisadi əməkdaşlıq özünün yeni mərhələsinə daxil olur. Bəyannamədə böyük lider və öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin öz əksini tapması isə XXI əsrdə bu qardaşlığın əbədi və dönməz olmasından, strateji müttəfiqlik münasibətlərinə xüsusi əhəmiyyət verilməsindən xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

O bildirib ki, bu Bəyannamə, eyni zamanda, 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiq qaldığını göstərir. Başqa sözlə, Azərbaycan və Türkiyə bütün potensial gücünü Bəyannamədən irəli gələn vəzifələrin icrasına yönəltməklə, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədini qarşıya əsas hədəf kimi qoyur.

Milli Məclisin deputatı fikirlərini davam etdirərək qeyd edib ki, Türkiyənin qısa vaxtda Şuşada baş konsulluğunu açmaq istəyi də qardaş ölkənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Bu, həm də Azərbaycanın daha da güclü-qüdrətli bir dövlət kimi dünyada nüfuzunun daha da artmasını, beynəlxalq aləmdə söz sahiblərindən biri kimi tanınmasını şərtləndirir.

“Şuşa Bəyannaməsindən danışarkən, bir məqama da xüsusi toxunmaq istərdim. Vətən müharibəsindəki parlaq Qələbəmizin əsasında bir sıra amillərlə yanaşı, son illərdə ordu quruculuğunun inkişafı istiqamətində gerçəkləşdirilən layihələr də xüsusi yer tutub. Silahlı Qüvvələrimiz inkişaf etmiş texnologiyalardan peşəkar şəkildə istifadə edib. Bununla da Azərbaycan Vətən müharibəsində müasir döyüş tarixinin tamamilə yeni bir parlaq səhifəsini yazıb. Əməliyyatların zirvəsində isə Şuşa savaşı xüsusi yer tutub. Bu sözləri ona görə deyirəm ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, eyni zamanda, bir daha göstərir ki, Azərbaycan və Türkiyə indiyədək olduğu kimi, bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcək”, - deyə R.Mahmudov vurğulayıb.

Milli Məclisin deputatı daha sonra deyib: “Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi xüsusi diqqət çəkir. İki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda, Bəyannamədə bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi də vurğulanır. Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini parlaq Qələbə ilə başa çatdırmasını şərtləndirən bir neçə amilə nəzər salsaq, bunu aydın görə bilərik. Həmin amillərə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər”.

Milli Məclisin deputatı onu da bildirib ki, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi məsələsinə xüsusi yer ayrılıb. Bəyannamənin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bu barədə bəhs edərək bildirib ki, sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin məntiqi nəticəsidir. Bu gün Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışılır, hətta əməli, praktiki işlərlə bu dəhliz yaradılır. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlandıracaq. Dəhliz, həmçinin Azərbaycan və İran Culfası arasında dəmir yolu xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmir yolları deyil, həm də avtomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin yaradılması həm də avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq. Hazırda Türkiyədən yüklər Azərbaycana Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə çatdırılır. Bu marşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq.

Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsinin formalaşdırılmasına başlanılıb. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Şimal” nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi İpək Yolunun bərpasında mühüm önəm daşıyıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.