SİYASƏT


Deputat: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha dünyaya bəyan etdi

Bakı, 16 iyun, AZƏRTAC

Tarixi hadisələrə şahidlik edirik. Qədim Azərbaycan şəhəri Şuşada, əzəli yurdumuz Qarabağda Azərbaycan Prezidenti qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla tarixi görüş keçirdi. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu sənədin imzalanması Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha dünyaya bəyan etdi. Dövlət başçıları bu tarixi sənədi münasibətlərin yeni mərhələsi üçün yol xəritəsi kimi qiymətləndirdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Əslində, bundan əvvəl də iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyən edən dövlətlərarası sənədlər, o cümlədən hərbi sahədə sıx tərəfdaşlıq, müttəfiqlik prinsiplərini özündə əks etdirən müqavilələr imzalanıb.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi: “Bakı və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri də 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışı oldu. Hər iki ölkə bundan sonra bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Azərbaycan və Türkiyə bütün region dövlətlərini bu əməkdaşlıq prosesində görmək istəyir. Qardaş Türkiyə həm bərpa prosesinə, həm də keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına töhfə vermək niyyətini bir daha açıqladı".

Könül Nurullayeva vurğulayıb ki, Türkiyənin qısa vaxtda Şuşada Baş konsulluğunu açması isə Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Bu, həm də Azərbaycanın güclənməsi deməkdir. Çünki dövlət başçılarının da bəyan etdiyi kimi, Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.