SİYASƏT


Deputat: Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsidir

Bakı, 7 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycanın hərb meydanı ilə yanaşı, diplomatiya müstəvisində də Qələbəsinin təsdiqi və dünyaya təqdimatıdır. Tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatik mübarizədə qələbə daim əsas amillərdən biri kimi qeyd olunurdu. Azərbaycan ən yüksək tribunalardan Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edərək, bunu faktlarla beynəlxalq ictimaiyyətə çatdırsa da, bəzi dünya güclərinin ədaləti və hüququ maraqlarının arxasında gizlətmələri işğalın 30 ilə yaxın davam etməsinə və sonda Vətən müharibəsinin yaşanmasına səbəb oldu. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü, qüdrətini, xalqımızın torpaq, Vətən sevgisini, milli qürurunu, kimliyini nümayiş etdirdi. 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən Qarabağın tacı olan Şuşanın azad edilməsi 44 günlük İkinci Qarabağ müharibəsində əks-hücum əməliyyatları sırasında ən böyük hərbi qələbə oldu. Bu Qələbə müharibənin sonrakı taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Dövlətimizin başçısı İlham Əliyev Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən böyük qürurla və əminliklə qeyd etdi ki, “Əziz Şuşa, sən azadsan”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik”. Son bir ildə işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə mədəniyyət paytaxtımız Şuşada görülən bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirdikdə heyrətlənməyə bilmirsən. Qısa zamanda belə böyük işlər həm maliyyə imkanlarımızı, həm də sahibinə qovuşan torpaqlarımızı dirçəltmək istəyimizi nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

M.Həsənov qeyd edib ki, Prezidentin xüsusi nümayəndəliyi işğaldan azad edilmiş ərazilərimizdən ilk olaraq Şuşada yaradıldı. Bərpa və quruculuq işləri proqramına uyğun olaraq şəhərlərin baş planları hazırlanarkən Ağdamdan sonra Şuşanın Baş planı təqdim edildi. Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilir. Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Ötən il milli bayramımız Novruzun Cıdır düzündə tonqalın alovlandırılması ilə qeyd olunması, Milli Qurtuluş Günündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada qarşılanması, müttəfiqliyimizi təsdiqləyən sənədin imzalanması və sair kimi biri-birindən əhəmiyyətli hadisələr Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar idi. “Şuşa İli” növbəti mesaj oldu. Bu il çərçivəsində keçiriləcək hər bir tədbir Şuşanın tarixi barədə beynəlxalq ictimaiyyətin dolğun məlumatlandırılmasına böyük töhfələr verəcək, Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildiyini bir daha açıqlayacaq.

Milli Məclisin deputatı onu da vurğulayıb ki, Şuşanın bir ildə şahidlik etdiyi mühüm tarixi hadisələrə, Cıdır düzündə keçirilən tədbirlərin miqyasına diqqət yetirməklə “Şuşa İli” çərçivəsində görüləcək işlər, müəyyənləşdirilən hədəflər barədə aydın təsəvvür yaratmaq mümkündür. Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolunun Qarabağın tacına rahat gediş-gəlişin təmin olunması üçün Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də bu nadir şəhərin hər bir azərbaycanlı üçün önəmini nümayiş etdirir. Şuşa 28 il əsarətdə qalsa da əyilmədi, milli qürurumuzu, kimliyimizi qorudu. Şuşanı erməniləşdirməyə çalışan düşmən illərlə cəhdlər göstərsə də, bunun mümkünsüzlüyünün şahidi oldu. Çünki danışan, erməni vəhşiliyinə şahidlik edən Şuşanın hər daşı, qayası, tarixi oldu. Tarixi və dini abidələri dağıtmaqla, izləri silməyə cəhd etməklə sahibi olmadıqları torpaqların onlara məxsusluğunu sübut etməyə çalışan ermənilər hər zaman fakt qarşısında aciz qaldılar və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmənə tarix boyu unuda bilməyəcək dərsi verdi.

Müzəffər Ali Baş Komandanın “Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik” fikirlərinə diqqət çəkən Malik Həsənov qeyd edib ki, Şuşanın tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması mədəniyyət paytaxtımıza xüsusi qayğı və həssaslıqla yanaşılmasını zərurətə çevirir. Əsas hədəflərdən biri budur ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilsin. “Şuşa İli” bu istəyimizin də gerçəkləşməsinə böyük dəstək olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.