İQTİSADİYYAT


Deputat: Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən olub

Bakı, 11 noyabr, Samirə Quliyeva, AZƏRTAC

Noyabrın 8-də işğaldan azad edilən, qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub. Həm şəhər, həm də eyni adlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqlənib. Ötən əsrin əvvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə də xüsusi iqtisadi potensiala malik olduğunu göstərir. 20,9 min hektar yararlı torpağı olan Şuşada kənd təsərrüfatında heyvandarlıq daha çox inkişaf edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Şuşada 14 milyon 88 min manatlıq məhsul istehsal olunub. Bunun əsas hissəsi kənd təsərrüfatı məhsullarının payına düşüb. 1992-ci ildə, Şuşa işğal olunmamışdan öncə şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı “Radioqurma” istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada, eyni zamanda, inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi”, - deyə deputat qeyd edib.

Turizmin Şuşanın iqtisadiyyatında xüsusi yer tutduğunu deyən V.Bayramov vurğulayıb ki, “Turşsu” yaylaqları, “Səkili bulağı”, “İsa bulağı”, “Şəmilin bulağı”, “Cıdır düzü” turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi. Bu zona Laçın yolunun üstündə və Daşaltı çayının yaxınlığında yerləşir. “Turşsu” müalicəvi vannaları ilə də məşhur idi. Füsunkar gözəlliyi ilə seçilən “Cıdır düzü”ndə 1992-ci ilədək hər il may ayında “Xarı bülbül” mahnı festivalları keçirilirdi. Göründüyü kimi, Şuşa kifayət qədər iqtisadi potensiala malikdir və Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, həyat və gülüş çox qısa zamanda Azərbaycanın bu qədim şəhərinə də qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.