CƏMİYYƏT
Deputat: Şuşanın əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır
Bakı, 14 may, AZƏRTAC
Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar “Şuşa İli” çərçivəsində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının özəlliyi ondan ibarətdir ki, bu tədbirdə bir sıra xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər. Ötənilki festivalda isə ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etmişdilər. Bütün bunlar göstərir ki, Şuşanın əvvəlki şöhrətini bərpa etməsi və festivallar şəhərinə çevrilməsi istiqamətində davamlı iş aparılır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib.
Deputat qeyd edib ki, ilk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Zəfər nəticəsində 30 illik fasilədən sonra, 2021-ci il mayın 12-13-də Şuşada Cıdır düzündə yenidən keçirildi. Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində qeyd etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq. Ötənilki festivalın açılış mərasimində isə dövlətimizin başçısı demişdi: “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi Prezident İlham Əliyevin həmin fikirlərinin əyani təsdiqidir.
S.Fətəliyeva vurğulayıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Festivalın təşkili Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. Hər il Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi çox sevindiricidir.
“Dövlətimiz Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, onun əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür. Şuşa Azərbaycan xalqının milli sərvətidir. Dövlətimizin başçısı tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması bunu bir daha sübut edir. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilməyiblər. Uzun illərdən sonra bərpa edilən festival, sözün əsl mənasında, milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi”, - deyə S.Fətəliyeva vurğulayıb.
Deputatın sözlərinə görə, 44 günlük müharibə ərzində də torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə ərazi bütövlüyümüzü bərpa etdilər. Bu fakt Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin nə dərəcədə qorunmasının və inkişaf etdirilməsinin göstəricisidir. V Festivalda digər ölkələrin nümayəndələrinin iştirakı isə Şuşa şəhərinin böyük bir regionun mədəniyyət mərkəzinə çevrilməsinin ifadəsidir”.