SİYASƏT


Deputat: Tarixinə sahib çıxan xalq məğlubedilməzdir

Bakı, 21 yanvar, AZƏRTAC

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin Azərbaycanın Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə başa çatmasından sonra növbəti mərhələyə - öz tarixi sahibinə qayıdan torpaqlarımızda quruculuq və bərpa işlərinə start verilib. Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza qalib Ordunun və dövlətin qalib Sərkərdəsi kimi səfərləri, gələcəklə bağlı açıqladığı hədəflər hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır. Artıq Böyük qayıdış proqramı hazırlanır. Əminik ki, İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyimiz birliyimiz, həmrəyliyimiz sayəsində quruculuq və bərpa işlərini də nəzərdə tutulan vaxtda başa çatdıracağıq və soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu torpaqlarımızda yeni həyat başlayacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Azərbaycanın hər bir bölgəsi kimi, işğaldan azad edilmiş ərazilərimiz də zəngin potensiala malikdir: “Onlardan səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi daha da sürətləndiriləcək, davamlı inkişafa böyük töhfələr veriləcək, turizm imkanlarımız artacaq, cənnət məkana çevriləcək Qarabağ bölgəsi xarici qonaqlar üçün xüsusi maraq kəsb edəcək. Hər bir regionun inkişafı üçün yol-nəqliyyat infrastrukturunun müasir tələblərə cavab verməsinin əsas amillərdən olduğunu nəzərə alsaq işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Qarabağın incisi olan Şuşaya səfəri zamanı Füzuli-Şuşa avtomobil yolunun və Füzuli rayonu ərazisində Beynəlxalq Hava Limanının təməlinin qoyulması deyilənlərin təsdiqidir”.

“2021-ci ilin dövlət büdcəsinin də qələbə büdcəsi kimi dəyərləndirilməsi səbəbsiz deyil”, - söyləyən deputat vurğulayıb ki, cari ilin dövlət büdcəsi əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, eyni zamanda, prioritet məsələlərdən biri kimi işğaldan azad olunan ərazilərimizin bərpasına, şəhid ailələrinin, müharibə qazilərinin sosial təminatının gücləndirilməsinə xidmət edəcək. 30 ilə yaxın müddətdə bu torpaqları işğal altında saxlayan ermənilər quldurluq edərək, evləri, tarixi və dini abidələrimizi dağıdıb, infrastrukturu yerlə-yeksan ediblər. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bir daha diqqəti ermənilərin işğal edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklərə yönəldərək bildirmişdir ki, Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib. Bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz.

M.Həsənov qeyd edib ki, işğaldan azad edilmiş şəhər və kəndlərimiz bərpa ediləndə dövlətimizin başçısının göstərişinə uyğun olaraq hər şəhərdə bir məhəllənin, böyük bir ərazinin işğal altında olan vəziyyətinin saxlanılmasının tariximizin, erməni vəhşiliyinin ölkə və dünya ictimaiyyətinə çatdırılması üçün böyük əhəmiyyəti olacaq: “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan xalqı bunu bir daha sübut etdi. Gələcək nəsil tariximizin hər bir səhifəsi barədə dolğun məlumata malik olmalı, tariximizi heç vaxt unutmamalı və bilməlidirlər ki, birliyimizin, həmrəyliyimizin sayəsində öz torpağımızı qorumalı və yalnız öz gücümüzə güvənməliyik. Məhz bu güvən, birlik yeni-yeni Qələbələrə, hədəflərə yol açır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan torpaqlarının azad edilməsinin, sadəcə, Azərbaycanın deyil, bütün türk dünyasının böyük zəfəri olduğunu önə çəkərək quruculuq və bərpa işlərində fəal iştirak edəcəklərini böyük qürur hissi ilə bildirib”.

M.Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” imzaladığı Fərmanın da məqsədi işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır: “Bölgələrdə görülən işlər, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, ayrı-ayrı dövlət qurumlarının fəaliyyətə başlaması və sair kimi addımlar da bu tərkibdəndir. Hədəflər belə bir ümumiləşdirməni aparmağa əsas verir ki, 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya planlarımızın həyatda gerçəkləşdiyinin şahidi olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.