CƏMİYYƏT
Deputat: Torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçənlər başımızın tacı, fəxrimizdir
Bakı, 27 sentyabr, AZƏRTAC
Otuz iki illik qanlı Qarabağ münaqişəsinə son qoyan, tarixi Zəfərimizə aparan 44 günlük Vətən müharibəsinin başlamasından iki il ötür. 2020-ci il sentyabrın 27-də məkrli qonşularımızın, işğalçı, təcavüzkar, terror və faşist dövlət olan Ermənistanın növbəti qanlı təxribatına cavab olaraq, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Ordusuna əks-hücum əmri verildi, bütün cəbhəboyu düşmən təxribatlarının qarşısının alınması istiqamətində tədbirlər görüldü və beləliklə, İkinci Qarabağ müharibəsi başladı.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva söyləyib.
Deputat bildirib ki, müharibə bizim seçimimiz deyildi. Biz tarixən və 2020-ci il sentyabrın 27-dək işğala, hərbi təcavüzə, haqsızlığa, ədalətsizliyə məruz qalan tərəf olsaq da, daim sülh mövqeyindən çıxış edirdik. Amma gözlərini qan bürümüş, insanlıqdan nəsibini almamış, qanla bəslənmiş ermənilər və onların faşist, xəstə təxəyyüllü üzdəniraq siyasətçilərinin, başsız başbilənlərinin avantürist, təxribatçı və fitnəkar addımları səbəbindən müharibə, hərb yolunu seçməli olduq.
Vətən müharibəsində xalqımız bir anın içində müsəlləh əsgərə çevrilərək, Azərbaycan ordusunun, Azərbaycan dövlətinin, Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşdi və onu mənfur düşmənin və onun əliqanlı havadarlarının başına endirdi. Çünki Azərbaycan xalqının da, Azərbaycan dövlətinin də, Müzəffər Ali Baş Komandanın da, rəşadətli Azərbaycan Ordusunun da səbir kasası çoxdan dolmuşdu. Biz illərlə dedik, mesajlarımızı verdik, xəbərdarlıqlarımızı etdik, hətta tarixi şanlı Aprel döyüşləri, tarixi Günnüt əməliyyatı da düşmənə və onun havadarlarına dərs olmadı. Nəticədə Vətən müharibəsində düşmənə, onun dəstəkçilərinə layiqli cavab verildi, rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı erməni tapdağından azad etdi.
“Səhər saatlarında dövlətimizin başçısının Azərbaycan xalqına tarixi müraciəti ilə hər kəs bütün dünya Azərbaycanın əzminin, dəmir iradəsinin bir daha ortaya qoyulduğunun şahidi oldu.
Axşam saatlarına yaxın isə Milli Məclis fövqəladə iclas keçirərək, ölkədə hərbi vəziyyətin elan olunması ilə Ali Baş Komandana müraciət etdi və bir neçə saat sonra bu müraciət müsbət nəticəsini verdi. Eyni zamanda, müharibənin elə ilk günündə keçirilən Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqına müjdəli, sevincli xəbərlər verildi, işğal altındakı bəzi kəndlərimizin, strateji yüksəkliklərimizin azad olunduğu bəyan edildi”, - deyən J.Əliyeva vurğulayıb ki, həmin günlərdə on minlərlə Azərbaycan gənci hərbi komissarlıqlara, səfərbərlik xidmətlərinə axın etdilər və könüllü şəkildə Vətənin müdafiəsinə qoşuldular.
Deputat qeyd edib ki, bütün dünyadan - Şimaldan, Cənubdan, Qərbdən, Şərqdən gələn təhdidlərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 günə Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə düşmən diz çökdürüldü və noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi. Çünki başqa çarəsi qalmamışdı.
“Otuz illik həsrətdən sonra yenidən dağlı-aranlı Qarabağa qovuşduq, vahid Azərbaycan olduq. Qarabağ bizim idi, bizim də oldu. İşğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizədə qanlarından, canlarından keçmiş şəhidlərimiz, sağlamlıqlarını qurban vermiş qazilərimiz başımızın tacı, and yerimiz, fəxrimiz, qürurumuzdur. Onlar heç vaxt unudulmayacaq və unutdurulmayacaq.
Yaşasın qalib Azərbaycan, yaşasın Müzəffər Ali Baş Komandan, yaşasın, rəşadətli Azərbaycan Ordusu, İgid Azərbaycan Əsgəri”, - deyə J.Əliyeva bildirib.