SİYASƏT
Deputat: Türkiyə Liderinin Füzuli aeroportunun açılışında iştirakı Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan-Türkiyə dostluğu tarixə söykənir. Çünki bizim xalqlarımızın dili, dini, adət və ənənələri bir-birinə çox yaxındır. Bizi ayırmağa çalışsalar da, hər zaman bir-birimizin yanında olmağı bacardıq. Azərbaycan-Türkiyə dostluğu 44 günlük Vətən müharibəsində özünü daha qabarıq göstərdi. Qardaş Türkiyə haqq işi uğrunda mübarizəmizdə bizə dəstək oldu, köməyini əsirgəmədi. Çünki qardaş qardaşı çətin gündə tək buraxmır və dostlar da dar gündə tanınır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə tikinti və quruculuq işlərinə start verilib. Qarabağda bir neçə hava limanı inşa edilir. Onlardan biri də Füzuli Beynəlxalq Hava Limanıdır. Füzuli Qarabağın hava qapısıdır və burada beynəlxalq aeroportun inşa edilməsi böyük əhəmiyyət daşıyır. Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci dəfədir Qarabağa səfər edir. Türkiyə Liderinin Füzulidə olması və aeroportun açılışında iştirak etməsi mühüm tarixi hadisədir. Bu hadisə Azərbaycan-Türkiyə dostluğunun daha bir nümunəsidir”, - deyə deputat vurğulayıb.
K.Nurullayeva, həmçinin qeyd edib ki, Şərqlə Qərb arasında orta dəhlizin yaradılmasına Azərbaycanın töhfəsi danılmazdır.