CƏMİYYƏT
Deputat: Ulu Öndər bütün siyasi fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edib
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin bütün siyasi fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edib. Ümummilli Lider böyük səyləri nəticəsində qısa müddətdə ümumxalq rəğbətini qazanan liderdir. Ulu Öndər Heydər Əliyevin öz xalqına olan sədaqəti və ölkənin gələcəyi ilə bağlı mütərəqqi baxışları xalqı onun ətrafında sıx birləşdirdi. Məhz yorulmaz siyasi fəaliyyəti dahi şəxsiyyətə xalqın sevgi və ehtiramını qazandırdı. Heydər Əliyev 1969-cu ildə ölkəmizə rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Respublikada mühüm dəyişikliklərin əldə olunmasında ümummilli lider Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, Ulu Öndərin siyasi iradəsi və peşəkarlığı Azərbaycanın müstəqilliyin qorunmasını və dönməzliyini təmin etdi. Heydər Əliyevin müstəqilliklə bağlı qətiyyətli addımları dövlətimizin varlığına qarşı olan bir çox təhdidlərin qarşısını aldı. Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. Beləliklə, 1993-cü ilin oktyabrında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxması prosesi başladı. Bu gün Ulu Öndərin apardığı uğurlu siyasət sayəsində Azərbaycan regionun lider ölkəsi statusunu qazanıb.
“1990-cı illərin əvvəlində yaşanmış hərbi məğlubiyyət və daxili böhran suverenliyin gələcəyini sual altına qoymuşdu. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə bir sıra yeni təhdidləri yaratmışdır. Bu vəziyyət xalqda heç bir siyasi qüvvəyə inamın olmamasına şərait yaratmışdı. Həmin vaxt gənc, müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsi heç də yaxşı deyildi. Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan minlərlə azərbaycanlı öz doğma torpaqlarından qovulmuşdu. Həmin illərdə ölkədə xalqı birləşdirən və ümummilli həmrəyliyi təmin edə biləcək yeni siyasi gücün formalaşması zərurətini doğurmuşdu. O vaxt Heydər Əliyev bu tarixi missiyanı öz üzərinə götürdü və layiqincə də yerinə yetirdi”, - deyə M.Cəfərov vurğulayıb.
Deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin həyata keçirdiyi strateji xətti uğurla davam etdirir. Artıq Azərbaycan ulu öndərin görmək istədiyi qədər güclü, ərazi bütövlüyü bərpa olunmuş və dünya ölkələri arasında öz nüfuzunu gündən-günə gücləndirən bir dövlətə çevrilib. Təbii ki, bütün bu nailiyyətlərin banisi məhz ümummilli lider Heydər Əliyev olub. Bu gün müasir Azərbaycan dövləti onun siyasi xəttinin davamı kimi inkişaf edir və güclənir.